Massaçusets Texnologiya İnstitutunun tədqiqatçılar qrupu foto və videoda itirilmiş məlumatların və detalların bərpası üsulunu tapıblar.
hightech.fm saytının məlumatına görə, “vizual deproyeksiya modeli” adlandırılmış alqoritm obrazların tanınması üçün nəzərdə tutulan, yüksək dəqiqliyə malik neyron şəbəkəyə əsaslanır. Şəbəkənin öz cavablarını yoxlaya bilməsi üçün o, aşağı və yüksək keyfiyyətli təsvirlər üzərində öyrədilib.
Model aydın görünməyən elementləri olan keyfiyyətsiz təsvirlərin emalı üçün istifadə olunduqda videoda bulanıqlığın yaranma səbəbini və orada hansı detalın ola biləcəyini aydınlaşdırmaq üçün həmin təsvirləri təhlil edir. Sonra məlumatlar birləşdirilərək yeni təsvirlər yaradılır. Məsələn, alqoritm piyadalar olan səkini “görür” və bulanıq hissədə addımlayan insanın əks olunduğunu “təsəvvür edir”.
Sınaqlar zamanı model 24 videonu yenidən yarada bilib. Hətta onlardan birində insanın ayaqlarının ölçüsünü və vəziyyətini tamamilə bərpa edib. Tədqiqatçılar bu texnologiyanın tibbi qurğuları təkmilləşdirməyə kömək edəcəyinə əmindirlər.
Onlar hesab edirlər ki, bu texnologiyadan tibbi təsvirlərin (məsələn, rentgen təsvirləri) bərpası üçün istifadə etmək mümkün olacaq. Beləliklə, skanetmə texnologiyası daha ucuz olacaq ki, bu da onu inkişaf etməkdə olan ölkələr üçün əlçatan edəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.