AMEA İnformasiya Texnologiyaları İnstitutunun 17 saylı şöbəsinin növbəti elmi seminarı keçirildi. Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun direktoru, şöbə müdiri, akademik Rasim Əliquliyev seminarın “Fərdi məlumatların təhlükəsizliyinin təmini üçün istifadə olunan müasir metodların analizi” mövzusuna həsr olunduğunu bildirdi.
Sonra şöbənin mühəndis-proqramçısı Aytən İsmayıl qızı məruzə ilə çıxış edərək problemin aktuallığı və tədqiqatın məqsədi haqqında məlumat verdi. Bildirdi ki, biznes, maliyyə, dövlət təhlükəsizliyi və s. məsələlərin həllində fərdi məlumatların təhlükəsizliyinin təmini vacib amillərdən biridir. Onun sözlərinə görə, bu sahədə müxtəlif metod və nəzəriyyələr mövcud olsa da, tədqiqatlar hələ də davam etdirilməkdədir.
Fərdi məlumatların mühafizəsində əsasən altı metoddan istifadə olunduğunu söyləyən A.İsmayıl qızı bu metodların hər birinin iş prinsipi haqqında qısa məlumat verdi. Bildirdi ki, son illər problemin həllində süni intellekt və maşın təlimi metodlarından geniş istifadə olunmaqdadır. Bu metodlar Big Data problemini həll etməklə yanaşı, verilənləri toplamaq, keyfiyyətli emal etmək və saxlamaq üçün əlverişlidir: “Xüsusilə İnternet istifadəçiləri və onların davranışları haqqında verilənlərin toplanaraq emal olunmasında, təhlükəsizliyinin təmin olunmasında süni intellektdən istifadə əhəmiyyətlidir”.
Gənc mütəxəssis süni intellekt texnologiyalarına aid olan “Darktrace’s” sistemi haqqında danışdı, kiberhücum və təhdidlərin qarşısının alınması məsələlərinin həlli üçün sistemdə istifadə olunan yanaşmalar və alqoritmlər haqqında məlumat verdi.
Sonra məruzəyə dair çıxış edən akademik Rasim Əliquliyev məsələnin fərdi məlumatlar əsasında, fərdlər arasında münasibətlərin müəyyən olunması üzərində qurulmalı olduğunu qeyd etdi. Müasir dövrdə sosial proseslərin informasiya texnologiyaları vasitəsilə analizinin böyük aktuallıq kəsb edən məsələlərdən olduğunu söyləyən akademik cəmiyyətdə gedən dəyişiklikləri, sosial-iqtisadi prosesləri analiz etmək üçün, ilk növbədə, insanlar arasında münasibətlərin analizinə ehtiyac olduğunu vurğuladı. Alimin sözlərinə görə, sosial münasibətlərin analizini aparmaq üçün münasibətlərin təsnifatlandırılması vacibdir: “Münasibətlər, öz növbəsində, hüquqi əsaslı və tənzimlənməyən münasibətlərə bölünürlər ki, hər iki istiqamətdə qeyri-səlistlik mövcuddur. Tədqiqatın əsas məqsədi cəmiyyətdə baş verən sosial proseslərin ümumi mənzərəsinin müəyyən edilməsi üçün sosial proseslərin intellektual analizi sisteminin işlənməsidir. Məqsədə çatmaq üçün isə predmet sahəsi dərindən araşdırılmalıdır”.
Məruzə ətrafında müzakirələr aparıldı, gənc tədqiqatçı seminar iştirakçılarının suallarını cavablandırdı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.