Alimlər mirvari əsasında ideal güllədeşməz jilet hazırlayırlar

01 Oktyabr 2019 - 11:35 | Texnoloji yeniliklər
Alimlər mirvari əsasında ideal güllədeşməz jilet hazırlayırlar

ABŞ ordusunun laboratoriyasının tədqiqatçıları ilk baxışda heç bir əlaqəsi olmayan mirvari, leqo və güllədeşməz jileti birləşdirməyə nail olublar.

Alimlər tədqiqat prosesində mirvaridən hazırlanmış xarici örtüyün jiletə xüsusi sərtlik verdiyini aşkar ediblər. Bunun üçün dəniz molyusklarının kalsium karbonatından istehsal edilmiş sədəfdən istifadə olunub. Kalsium karbonat öz-özlüyündə xüsusi möhkəmliyə malik deyil. Lakin ona leqo kərpiclərini xatırladan struktur verilərsə, möhkəmliyi dəfələrlə artar. Nəticədə tədqiqatçılar elastik daxili bazaya malik olan, formasını dəyişə və güllələri uda bilən çox sərt xarici örtük əldə ediblər. Bu biomimetik proses yeni model güllədeşməz jiletlərin hazırlanması zamanı tətbiq edilə bilər.

techcult.ru saytının məlumatına görə, yeni texnologiyada silisium oksidin nanozərrəcikləri ilə birlikdə ultramolekulyar polietilendən istifadə olunub ki, bu da materiala əlavə möhkəmlik verir. Əldə olunmuş material güllə və digər mərmilərin udulması üçün uyğun olan, poladdan 14 dəfə daha möhkəm və 8 dəfə daha yüngül plastik kütlədən ibarətdir.

Yeni materialın daha bir üstünlüyü yüksək istilikkeçirmə xassəsidir ki, bu da kinetik enerjidən istiliyi daha sürətlə yaymağa, güllə və digər dağıdıcı elementlərin enerjisini udmağa imkan verir. Materialın hələ ki, tədqiqat mərhələsində olmasına baxmayaraq, texnologiyanın tezliklə yeni nəsil güllədeşməz jiletlərə tətbiq ediləcəyi gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.