Smartfon vasitəsilə psixi pozuntunu aşkar etmək mümkündür

01 Oktyabr 2019 - 09:20 | Texnoloji yeniliklər
Smartfon vasitəsilə psixi pozuntunu aşkar etmək mümkündür

Yeni mobil proqram smartfonun köməyilə şizofreniyanın diaqnostikasını həyata keçirməyə imkan verəcək. Hazırda smartfonun videokamerası vasitəsilə istifadəçinin üz ifadəsi və nitqi üzrə şizofreniyanın simptomlarını aşkar edən proqram sınaqdan keçirilir.

Məlumdur ki, şizofreniya qarabasma, sayıqlama, şüurun dolaşıqlığı, “boş” üz ifadəsi, həmsöhbətlə zəif göz təması və monoton nitqlə səciyyələnir. Proqram artıq 21 pasiyent üzərində yoxlanılıb. Proqramla əldə edilən nəticələr tibbi qiymətləndirmələrə uyğun gəlib.

meddaily.ru saytının məlumatına görə, sınaq iştirakçıları (pasiyentlər və nəzarət qrupundan olan sağlam insanlar) 3 ay ərzində həftədə bir dəfə proqramdan istifadə ediblər. Nəzarət qrupu ilə müqayisədə, şizofreniyalı pasiyentlərin üz ifadəsi və səsinin kamera üçün sezilə bilən tipik fərqliliklərə malik olduğu ortaya çıxıb. Proqram yaxın zamanda daha genişmiqyaslı sınaqlardan keçiriləcək. Onun başqa psixi xəstəliklərin diaqnostikası üçün optimallaşdırılması da istisna edilmir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.