Avstraliya hökuməti yollarda sükan arxasında sosial şəbəkələrdən istifadə edən sürücülərin şəklini çəkən kameralar quraşdırıblar. Sözügedən texnologiya hələki yalnız ölkənin bir ştatında sınaqdan keçiriləcək və qanunu pozanlar 230 dollar məbləğində cərimələnəcək.
hightech.fm saytının məlumatına görə, Avstraliyanın yol təhlükəsizliyi üzrə ekspertləri smartfonlardan istifadə edən sürücülərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayının artmasından narahatdırlar. Onların iddiasına görə, telefonlardan istifadə edən sürücülərin qəzaya düşmə ehtimalı 4 dəfə çoxdur.
Dövlət rəsmilərinin sözlərinə görə, avtomobil idarə edərkən mobil telefondan istifadə etmək sərxoş vəziyyətdə sükan arxasında əyləşmək kimi təhlükə mənbəyi hesab olunur.
Hökumət ştatlardan birində mobil telefonlardan istifadə edən sürücüləri aşkar etmək üçün 45 kamera quraşdırmaq niyyətindədir. Daha sonra kameraların sayı artırılacaq.
Bu sistemlərdən hər biri iki kameradan ibarətdir. Onlardan biri avtomobilin nömrəsinin şəklini çəkir, ön şüşəyə tuşlanmış digər kamera isə sürücünün nə ilə məşğul olduğunu qeydə alır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.