ABŞ-da vətəndaşların izlənilməsi üçün yeni sistem işə salınıb. www.cnews.ru saytının məlumatına görə, ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) “Next Generation Identification System” adlanan yeni milli identifikasiya sisteminin tətbiqini artıq başa çatdırıb. Əsas məqsəd videomüşahidə kameralarından istifadə etməklə kütlənin içərisində olan simaların identifikasiya olunmasıdır. Belə ki, casuslar sistemin köməyilə verilənlər bazasına müraciət edə və insanların hansı istiqamətdə hərəkət etdiklərini izləyə biləcəklər.
Hazırda sistemdə 8 milyon fotoşəkil vardır. FTB 2015-ci ilin sonunadək bazanı 6,5 dəfə, yəni hər-hansısa bir cinayətdə əli olmayan insanlar da daxil olmaqla sistemdə təsvirlərin sayını 52 milyonadək artırmağı planlaşdırır.
Sistemdə şəkillərdən əlavə 100 milyondan artıq əl izi və fərdi məlumatlar (ad və soyad, milliyyət, pasportun nömrəsi, yaş və yaşayış yerinin ünvanı) saxlanılır.
Verilənlər bazası casuslara şübhəli şəxsin sonuncu dafə harada olduğunu müəyyən etməyə imkan verir. Bundan əlavə, “Rap Back” adlanan xüsusi funksiya insanın olduğu yerlər haqqında informasiyanın hüquq-mühafizə əməkdaşlarına real vaxt rejimində verilməsinə imkan verir.
Sistemin dəqiq işləməsinə gəlincə isə burada göstəricilərin hələ ki, elə də yüksək olmadığı deyilir. Əgər sistemə insanın fotoşəkli yüklənərsə, buna cavab olaraq həmin insanın təsvir olunduğu ehtimal olunan 50 şəkil təqdim olunur. Axtarış verilən insanın bu siyahıda olma ehtimalı isə yalnız 85 % təşkil edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.