Cənubi Florida Universitetinin mühəndisləri insult keçirən insanlara təkrar gəzmək və tarazlığı saxlamaqda kömək edəcək robot ayaqqabını təqdim ediblər.
Beyində qan dövranının kəskin pozulması nəticəsində əmələ gələn insult əzələlərin çox zəifləməsinə, hətta bədənin birtərfəli iflicinə səbəb olur. Bu da xəstəlikdən əziyyət çəkən insanların yerimək qabiliyyətini itirməsi ilə nəticələnir.
hightech.fm saytının verdiyi məlumata görə, sağlam ayağa geyilən robot çəkmə pasiyentin atdığı addımları daha da genişləndirərək bədən tarazlığını saxlamağa kömək edəcək.
Mütəxəssislər əmindirlər ki, bu çəkmənin köməyi ilə reabilitasiya keçən şəxs bir müddətdən sonra yerimək qabiliyyətini tamamilə bərpa edə biləcək.
Sınaqları uğurla keçən robot ayaqqabının bu ilin sonunda istifadəyə verilməsi planlaşdırılır.
Xatırladaq ki, bir müddət öncə, Massaçusets Texnologiya İnstitutunun mühəndisləri beyinin qan damarlarına nüfuz edərək insulta və anevrizmaya səbəb ola biləcək qan laxtalarını təmizləməyi bacaran robot yaradıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.