Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi gümüş medal və sertifikatla təltif edilib

12 Sentyabr 2019 - 20:27 | Mühüm hadisələr

Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən ənənəvi “ITU Telecom World 2019” beynəlxalq sərgi-konfransı bu gün başa çatıb.

Tədbirin sonuncu günü Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasındakı qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılmasının 10-cu ildönümü münasibəti ilə nazirliyə sertifikat təqdim olunub. BTİ həmin sertifikatda ikitərəfli əlaqələri yüksək qiymətləndirdiyini xüsusi vurğulayıb.

Bununla yanaşı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Beynəlxalq Telekommunikasiya İttifaqının gümüş medalı ilə təltif olunub.

Sərginin təşkili və Azərbaycan Milli Pavilyonun qurulmasındakı xidmətlərinə görə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dövlət Radiotezliklər İdarəsi də xüsusi sertifikata layiq görülüb.

Sentyabrın 9-da öz işinə başlayan “ITU Telecom World 2019”da 100-dən artıq ölkənin təmsilçiləri – texnologiyalar sahəsində fəaliyyət göstərən dövlət orqanları, korporasiyalar, eləcə də  kiçik və orta sahibkarlıq nümayəndələri innovasiya həlləri təqdim etmək, əlaqələr qurmaq, bilik mübadiləsi aparmaq və ekspertlərlə müxtəlif mövzuları müzakirə etmək məqsədilə iştirak ediblər.

“Birlikdə innovasiyalar gətirərək: əhəmiyyət kəsb edən bağlılıq” şüarı altında keçirilən “ITU Telecom World 2019” sərgi-konfransının əsas mövzusu rəqəmsal texnologiyalar vasitəsilə insanın həyat keyfiyyətinin artırılmasını təmin etmək məqsədilə hökumətlər və təşkilatların əməkdaşlığını artırmaq idi.

beynəlxalq sərgi-konfransın ayrı-ayrı panel iclaslarında mütəxəssislər tərəfindən İKT-nin və “ağıllı” rəqəmsal texnologiyalar sahəsinin inkişafını müəyyən edən məsələlər, o cümlədən süni intellekt, 5G, Əşyaların İnterneti, universal giriş, rəqəmsal savadlılıq və rəqəmsal transformasiya prosesində hökumətlərin rolu və s. geniş müzakirə olunub.

Xatırladaq ki, tədbirdə ölkəmizi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan dövlət qurumları, özəl İKT şirkətləri və startaplarla təmsil ediblər. 

Gələn il “ITU Telecom World 2020” beynəlxalq sərgi-konfransı Vyetnamın Hanoy şəhərində keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.