Təyyarəni drona çevirən sistemin sınaqları keçirilib

19 Avqust 2019 - 12:37 | Texnoloji yeniliklər
Təyyarəni drona çevirən sistemin sınaqları keçirilib

ABŞ Hərbi Hava Qüvvələrinin tədqiqat laboratoriyası yüngül təyyarələri pilotsuz uçan aparatlara çevirməyə imkan verən “ROBOpilot” sisteminin ilk uçuş sınaqlarını keçirib.

hitech.newsru.com saytının məlumatına görə, tez sökülən sistem pilot kabinasında oturacaqlar üçün bərkidicilərə quraşdırılır. O, idarəetmə orqanları, o cümlədən təyyarə şturvalına qoşulan çoxlu aktuator qurğularından ibarətdir. Cihaz göstəricilərinin oxunması üçün sistem kompüter görmə qabiliyyətinə malik bir neçə kameradan istifadə edir. Onun tərkibinə, həmçinin GPS qəbuledicisi və inersial ölçmə bloku daxildir. Sistem barədə ətraflı məlumat verilməsə də, mütəxəssislərin sözlərinə görə, “ROBOpilot” təyyarənin avtonom qalxma, uçma və enməsini təmin edir.

Bildirilir ki, “Cessna 206” yüngül təyyarəsində quraşdırılan sistemin sınaqları avqustun əvvəlində Yuta ştatında baş tutub. Təyyarə havada ümumilikdə 2 saat qaldıqdan sonra eniş edib.

Qeyd edək ki, ABŞ-da, həmçinin vertolyotların pilotsuz uçan aparatlara çevrilməsi üçün onların “ROBOpilot” sisteminin analoqları ilə təchiz edilməsi təklif olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.