Bakıda keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadasına yekun vurulub

10 Avqust 2019 - 19:24 | Konfranslar, İclaslar

Avqustun 10-da Heydər Əliyev Mərkəzində 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI 2019) bağlanış mərasimi keçirilib.

Mərasim bu ilin fevral ayında məktəblilərin 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI 2019) yerli və beynəlxalq təşkilat komitələrinin nümayəndələrinin Bakıya gəlişinə həsr olunmuş videoçarxın nümayişi ilə başlanıb.

Təhsil naziri, “IOI 2019”un sədri Ceyhun Bayramov olimpiadanın başa çatması münasibətilə iştirakçıları təbrik edib, yarışın yüksək səviyyədə təşkilinə görə təşkilatçılara, qlobal sponsor Acer şirkətinə və əməyi olan digər şəxslərə təşəkkürünü bildirib.

İKT bilik və bacarıqlarına yiyələnmənin vacibliyini diqqətə çatdıran Təhsil naziri ölkəmizin təhsil sahəsində innovasiyaların, informasiya-kommunikasiya texnologiyalarının geniş şəkildə tətbiqindən söz açıb. Qeyd edib ki, hər bir gənc dünyanı dəyişmək və daha yaxşı etmək imkanına malikdir. Bu işdə innovasiyalar da mühüm rol oynayır. Azərbaycanın multikultural ölkə olduğunu deyən Təhsil naziri olimpiada iştirakçılarının bir həftə ərzində ölkəmizin mədəniyyəti, musiqisi və mətbəxi ilə tanış olduqlarına əminliyini bildirib. Təhsil Nazirliyinin informasiya texnologiyalarının tədrisinə önəm verdiyini deyən Ceyhun Bayramov “IOI 2019” olimpiadasının Azərbaycanda İKT sahəsinin inkişafına töhfə verəcəyini qeyd edib. Nazir çıxışının sonunda olimpiada qaliblərini təbrik edib və bütün iştirakçılara uğurlar arzulayıb.

Tədbirdə olimpiadanın bürünc, gümüş və qızıl medala layiq görülmüş iştirakçıları mükafatlandırılıb. Olimpiada iştirakçılarının 28-i qızıl, 54-ü gümüş, 81-i bürünc medala layiq görülüb. Ən yüksək nəticə göstərmiş iştirakçı, ABŞ komandasının üzvü Benjamin Qiyə qızıl medalla yanaşı, Təhsil naziri Ceyhun Bayramov tərəfindən xüsusi mükafat da təqdim edilib.

“IOI” prezidenti Qreq Li beynəlxalq olimpiadanın bağlanış bəyannaməsini diqqətə çatdırıb.

Mərasimdə yarışın 2020-ci il iyulun 19-26-da Sinqapurda keçiriləcəyi elan edilib. Təhsil nazirinin müavini Firudin QurbanovIOI 2019un fəxri həmsədri, ADA Universitetinin rektoru Hafiz Paşayev tərəfindən Beynəlxalq İnformatika Olimpiadasının bayrağı Sinqapur Milli Universitetinin professoru Tan Sun Tekə təqdim olunub.

Daha sonra ölkəmiz haqqında film nümayiş edilib.

Tədbir bədii hissə ilə davam etdirilib.

Xatırladaq ki, AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev IOI 2019”un Təşkilat Komitəsinin üzvü idi. Ölkəmizdə ilk dəfə keçirilən Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan komandası da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyətləri iştirak ediblər.

Olimpiada Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə keçirilib. Olimpiadanın rəsmi qlobal sponsoru “Acer” şirkətidir. Bundan başqa, “Azercell Telekom” tədbirə “İstedadların rəqəmsal sponsoru”, “PAŞA Bank” isə “İstedad sponsoru” kimi dəstək verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.