Öyrədici “ağıllı” fənər təqdim edilib

01 Avqust 2019 - 14:34 | Texnoloji yeniliklər
Öyrədici “ağıllı” fənər təqdim edilib

“Panasonic” şirkəti uşaqlara onları əhatə edən dünyanı araşdırmağa kömək edən öyrədici “ağıllı” fənərini təqdim edib. Uşaq qurğunu onu maraqlandıran predmetə yönəldərək birinci düyməni basdıqda “PA!GO” həmin predmetin şəklini çəkəcək, obyekti tanıyacaq və dinamik vasitəsilə onun haqqında qısa məlumat verəcək.

hitech.vesti.ru saytının məlumatına görə, azyaşlı istifadəçi daha çox məlumat əldə etmək istəyərsə, ikinci düyməni basa bilər. Bu zaman “PA!GO” “Google Knowledge Graph” bilik bazası ilə əlaqə saxlayacaq və daha çox informasiya verəcək.

Qurğudan istənilən yerdə istifadə etmək mümkündür. “Ağıllı” fənər “Chromecast” funksiyasının köməyilə uşağın gün ərzində rastlaşdığı bütün bitkiləri, heyvanları, həşəratları və digər obyektləri “YouTube Kids” platforması vasitəsilə mövzuya uyğun öyrədici videolarla birlikdə böyük ekrana daşıya bilər. İstəkdən asılı olaraq, uşaqlar rastlaşdıqları predmetlərin təsvirlərini öz otaqlarının tavanına və ya divarlara proyeksiya edə biləcəklər. Bunu qurğunun dəstəyinə birləşdirilən mini-proyektorun köməyilə etmək olar.

“İstehsalçılar ümid edirlər ki, bu konsept sayəsində uşaqlar asudə vaxtı “udan” smartfonlar və digər qurğulardan uzaqlaşa biləcəklər və onları əhatə edən hər şey haqqında yeni biliklər əldə edərək, daha çox açıq havada olacaqlar”, – deyə şirkət nümayəndələri bildiriblər.

Mütəxəssislər “PA!GO”nun daha da təkmilləşdirilməsi üzərində çalışırlar. Kommersiya məhsulunun satışa çıxarılması tarixi və qiyməti barədə məlumat verilməyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.