AMEA İnformasiya Texnologiyaları İnstitutunun 8 saylı şöbəsinin 2019-cu il üzrə yarım illik hesabatı müzakirə olundu. Şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev rəhbərlik etdiyi şöbənin elmi-tədqiqat fəaliyyəti, elmi seminarlarda və konfranslarda məruzələr, tanınmış elmi jurnallarda məqalələrin nəşri və s. ilə bağlı görülən işlər haqqında məlumat verdi. O, informasiya iqtisadiyyatı sektorlarının formalaşması problemlərinin tədqiqi və innovativ perspektivlərinin qiymətləndirilməsi istiqaməti üzrə müəyyən elmi-tədqiqat işlərinin yerinə yetirildiyini bildirdi. Ə.Əliyevin sözlərinə görə, bu istiqamət üzrə “İnformasiya iqtisadiyyatının dayanıqlılığının təminində inklüziv yaşıl inkişaf problemləri və həll istiqamətləri”, “İnformasiya və bilik iqtisadiyyatının innovativ perspektivlərinin qiymətləndirilməsi”, “Texnoparkların fəaliyyətinin səmərəli təşkili və idarə olunması üzrə model və metodların işlənilməsi” mövzularında araşdırmalar aparılıb.
Ə.Əliyev bildirdi ki, qeyd olunan tədqiqat istiqamətləri üzrə cəmiyyətin və iqtisadiyyatın inklüziv inkişafı problemləri araşdırılıb, yeni hesab oluna bilən inklüziv yaşıl iqtisadi inkişaf indikatorları, indeksləri işlənilib, onların hesablanması üçün metodika təklif olunub. İnformasiya və biliklər iqtisadiyyatının və onun sektorlarının formalaşmasının elmi-nəzəri əsasları tədqiq edilib. İKT sektorunun rəqabətqabiliyyətli perspektiv inkişaf potensialının formalaşması xüsusiyyətləri və istiqamətləri araşdırılıb. O, müasir texnoloji innovasiya iqtisadiyyatı sektorlarının formalaşması və idarəolunması problemlərinin, 4-cü sənaye inqilabının iqtisadi perspektivlərinin araşdırıldığını, regional-sektorial aspektdə informasiya və biliklər iqtisadiyyatının formalaşma və inkişaf səviyyəsinin qiymətləndirilməsi metodikasının işlənildiyini vurğuladı.
Məruzəçi bunlarla yanaşı, informasiya və biliklər iqtisadiyyatının innovativ perspektivinin qiymətləndirilməsi metodikasının və texnologiyalarda innovativ layihələrin bəzi səmərəlilik göstəriciləri və kriteriyaları əsasında qiymətləndirilməsi metodunun, eləcə də elm, texnologiya və innovasiya texnoparklarının fəaliyyətinin qiymətləndirilməsinin çoxsəviyyəli indikatorlar sisteminin, həmçinin trxnoparkların fəaliyyətinin effektiv təşkili üzrə informasiya təminatının arxitektur-texnoloji modelinin işlənildiyini dedi.
Şöbə müdiri elmi-innovasiya fəaliyyəti çərçivəsində görüləcək işlərdən bəhs edərək bu istiqamətdə institutun innovativ fəaliyyəti ilə bağlı bəzi xarici və respublikadaxili təşkilat və müəssisələrlə əlaqələrin qurulması işlərində iştirak edildiyini, yaxın gələcəkdə “İnformasiya iqtisadiyyatının formalaşması: problemlər, vəzifələr və perspektivlər” mövzusunda respublika multidisiplinar elmi-praktiki konfransının keçirilməsi ilə əlaqədar müvafiq ilkin hazırlıq işlərinin aparıldığını, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fonduna “Neft-qaz kompleksində yaşıl iqtisadiyyatın formalaşması proseslərinin modelləşdirilməsi və intellektual analizi metodlarının işlənilməsi” mövzusu üzrə layihənin təqdim olunduğunu söylədi.
Məruzəçi qeyd etdi ki, dövlət proqramlarında informasiya iqtisadiyyatı və innovasiya fəaliyyəti ilə əlaqədar müvafiq bəndlərin icrasında, həmçinin “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” üzrə Tədbirlər Planında informasiya cəmiyyəti iqtisadiyyatının formalaşmasından irəli gələn məsələlərin yerinə yetirilməsində, rəqəmsal mühitə keçidlə bağlı işlərdə iştirak edilib.
Ə.Əliyev şöbə əməkdaşlarının dünyanın nüfuzlu elmi jurnallarında məqalələrinin nəşr olduğunu bildirdi, həmçinin şöbədə elmi-pedaqoji və elmi-təşkilati fəaliyyət, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görülən işləri nəzərə çatdırdı.
Şöbə müdiri beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafına dair görülən tədbirlərdən söz açaraq bu məqsədlə bir çox müvafiq elmi təşkilatlarla əlaqələrin qurulmasından danışdı.
Sonra AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbədə iqtisadiyyatın innovativ əsaslarda inklüziv inkişafı problemləri, inklüziv iqtisadi inkişaf indikatorları və indeksləri, yaşıl və inklüziv İKT-nin tətbiqi istiqamətləri, informasiya və biliklər iqtisadiyyatının qiymətləndirilməsi problemləri və digər istiqamətlərdə aparılan tədqiqatların müasir dövrdə böyük aktuallıq kəsb etdiyini qeyd etdi və bu istiqamətdə aparılan araşdırmaların daha da dərinləşdirilməsinin vacibliyini bildirdi. Alim 4-cü sənaye inqilabının əsas komponentlərinin respublika iqtisadiyyatına gətirə biləcəyi dəyişikliklərin tədqiqinə diqqət yetirilməsini tövsiyə etdi.
Sonda fəaliyyət planı ətrafında fikir mübadiləsi aparıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.