Bu il fərdi kompüter istehsalçıları bazara 15 milyon ucuz noutbuk çıxaracaqlar

12 Sentyabr 2014 - 12:23 | Texnoloji yeniliklər
Bu il fərdi kompüter istehsalçıları bazara 15 milyon ucuz noutbuk çıxaracaqlar

Digitimes Research-in məlumatına görə, avqust ayında yeni tədris ili ərəfəsində kompüter texnikasına tələbatın artması səciyyəvi hal olsa da, beş ən böyük brend və üç aparıcı müqavilə istehsalçısının ötən ay noutbuk istehsalı cəmi 5-10% artıb. Bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə aşağı göstəricidir.

dailycomm.ru saytından bildiriblər ki, tanınmış noutbuk istehsalçıları arasında "Hewlett-Packard" (HP) və "Acer" 2014-cü ilin avqustunda ən yaxşı dinamikanı nümayiş etdirib - hər ikisinin göstəriciləri iyul ayı ilə müqayisədə 25% artıb. Həmçinin, qeyd olunur ki, "Acer" dörd ay boyunca ardıcıl olaraq illik artımı möhkəmləndirib.

Avqust ayında müşahidə olunan zəif göstəricilərə baxmayaraq, istehsalçılar optimizm nümayiş etdirirlər. Onlar milad və yeni il bayramları ərəfəsində texnikaya olan tələbatın artacağına və sentyabr-oktyabr aylarında satış həcminin yüksələcəyinə ümid edirlər.

Bundan əlavə, bildirilir ki, artıma bu yaxınlarda "HP", "Acer" və "ASUS" şirkətlərinin təqdim etdiyi, Windows 8.1 əsasında işləyən Bing adlı yeni noutbuklar imkan yaradacaq.

Digitimes Research-in proqnozlarına görə, ucuz noutbukların bazarda həcmi 2014-cü ilin 2-ci yarısında 5-6 milyon ədədə çatacaq. Xrombukların həcmi də təxminən eyni səviyyədə, 6-7 milyon qurğu olacaq.

Bütövlükdə 2014-cü ilin nəticələrinə görə, FK istehsalçıları təxminən 15 milyon leptop istehsal edəcəklər. Beləliklə, bu kimi modellərin, ümumiyyətlə noutbukların təchizat payının həcmi 8-9%-ə çatacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.