AMEA İnformasiya Texnologiyaları İnstitutunda 5 saylı şöbənin növbəti elmi seminarı keçirildi. Şöbənin əməkdaşı Südabə Abasova “Terminoloji verilənlər bazasının bəzi aspektləri” adlı məruzəni təqdim edərək bu bazanın idarə edilməsi, onun üstünlükləri və idarəetmə strukturu, eləcə də terminoloji verilənlər bazanın idarəetmə prosesi barədə ətraflı məlumat verdi.
S.Abasovanın sözlərinə görə, terminoloji verilənlər bazanın idarə edilməsi bütün mətnlərdə terminlərin düzgün istifadə edilməsini təmin edən bir sıra əməliyyatlardır. Bu əməliyyatlara terminoloji verilənlərin toplanması, əlavə edilməsi, işlənib hazırlanması, saxlanması, baxışı, uyğunlaşdırılması, yenilənməsi və paylanması daxildir.
“Hazırda terminoloji sistemlər proqram təminatı vasitəsi ilə idarə olunur”, – deyə bildirən məruzəçi qeyd etdi ki, bu proqram təminatı müstəqil və ixtisaslaşmış və ya kontentin idarə edilməsi sisteminin, avtomatik tərcümə vasitəsinin və ya tərcümə idarəetmə sisteminin bir hissəsi ola bilər.
Məruzəçi terminologiyanın idarəolunması strukturunu təqdim edərək onun terminologiyanın çıxarılması, lüğət məqalələrinin yaradılması, sözlərin və terminoloji bazanın konkret predmet sahəsinin mütəxəssisləri tərəfindən yoxlanılması və təsdiq edilməsi kimi mərhələrinin olduğunu vurğuladı. O, terminologiyanın idarəolunmasının üstünlüklərindən danışaraq onun təklif, yoxlama, təsvir, digər dillərin əlavə edilməsi, təsdiq, təsdiq edilmiş terminoloji bazalar, yenilənmə proseslərindən ibarət olduğunu bildirdi.
S.Abasova informasiya texnologiyaları istiqaməti üzrə yeni terminlər bazasını, bu istiqamət üzrə axtarış sistemini təqdim etdi.
Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.