“Ağıllı” səsgücləndirici insanları ölümdən xilas edəcək

27 İyun 2019 - 14:15 | Texnoloji yeniliklər
“Ağıllı” səsgücləndirici insanları ölümdən xilas edəcək

Sınaqlar nəticəsində məlum olub ki, əlavə elementlərlə komplektləşdirilmiş “ağıllı” səsgücləndirici ürəyin dayanması barədə xəbərdarlıq edən səsləri qeydə ala və təcili yardım çağıra bilir. Səsgücləndirici ürəyin dayanmasını 97 faiz hallarda, hətta həyəcan səsi 6 metr məsafədən eşidildikdə belə müəyyən edib.

meddaily.ru saytının məlumatına görə, səsgücləndirici üçün əlavə elementləri ABŞ-ın Vaşinqton Universitetinin mütəxəssisləri hazırlayıblar. Alimlər qurğunu yataq otağına qoymağı məsləhət görürlər, çünki əksər hallarda ürək dayanması orada baş verir. Ürəyin dayanmasını tipik aqonal (tez-tez, səthi, qırıq-qırıq) tənəffüsə görə müəyyən etmək olar. Bu, oksigen səviyyəsinin düşməsindən xəbər verir.

Alimlər sınaq zamanı aqonal tənəffüs audioyazılarından istifadə ediblər, pasiyentlərin tənəffüsünü “ağıllı” səsgücləndirici, smartfon və xüsusi kompüter alqoritmlərinin köməyilə analiz ediblər. Yeni sistem demək olar ki, 100 faiz diaqnostika dəqiqliyinə malikdir. Yanlış diaqnostika ehtimalı 0,22 faiz təşkil edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.