AMEA İnformasiya Texnologiyaları İnstitutunun 8 saylı şöbəsinin “İnnovasiya texnoparklarının fəaliyyətinin informasiya təminatı sisteminin arxitektur modelinin işlənilməsi”`mövzusuna həsr olunmuş növbəti elmi seminarı keçirildi.
Öncə şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev müasir iqtisadi inkişafda innovasiya strukturlarının rolu və əhəmiyyətindən söz açdı. İnnovasiya texnoparklarının infrastruktur elementləri və fəaliyyət xüsusiyyətlərini diqqətə çatdırdı. Şöbə müdiri, həmçinin innovasiya texnoparklarının informasiya təminatı sistemlərinin ümumi problemləri və bu probləmlərin həlli yollarından danışdı. O texnoparklarda informasiya təhlükəsizliyi sisteminin idarə edilməsi zərurətindən və innovasiya texnoparklarında müasir informasiya texnologiyalarının tətbiqi perspektivlərindən bəhs etdi.
Daha sonra məruzəni təqdim edən institutun böyük elmi işçisi Roza Şahverdiyeva mövzunun aktuallığını şərtləndirən milli və beynəlxalq sənədlər haqqında məlumat verdi. Biliklərə və informasiyaya əsaslanan iqtisadiyyatın qurulması prosesində innovasiya texnoparklarının fəaliyyətinin effektivliyinin yüksəldilməsi üçün onun informasiya təminatı sisteminin arxitektur modelinin işlənilməsinin müasir dövr üçün aktuallıq kəsb etdiyini bildirdi. Məruzəçi informasiya təminatının arxitektur modelinin təşkili üçün mükəmməl strukturun müəyyənləşdirilməsi və arxitektur modelin elmi təşkilatların kompüter şəbəkəsi platformasında qurulmasının zəruriliyindən və mümkünlüyündən danışdı.
Texnoparkların innovativ sahibkarlığın və innovativ mühitin yaradılması vasitəsi olduğunu söyləyən R.Şahverdiyeva onların ölkəni texnoloji cəhətdən modernləşdirdiyini, ölkədə innovasiya sistemini daha yaxşı formalaşdırdığını, regionlarda müəssisələr arasında qarşılıqlı səmərəli əməkdaşlığın inkişafına kömək etdiyini vurğuladı.
Məruzəçi milli iqtisadiyyatın neftdən asılılığını azaltmaq üçün innovasiya texnoparklarında həyata keçirilən işləri diqqətə çatdırdı. Qeyd etdi ki, bu məqsədlə qeyri-neft sektorları üzrə ideya və biliklərin dəstəklənməsi ilə resurs asılılığının azaldılması, sahibkarlığın dəstəklənməsi istiqamətində startaplara və özəl şirkətlərə əlverişli mühit yaratmaqla rəqabətqabiliyyətli bazar subyektlərinin yaradılması və idxal əvəzləyici sektorların formalaşdırılması, özəl şirkətlərə stimullaşdırıcı şərait yaratmaqla ixracmeyilli sektorlar üçün rəqabət üstünlüklərinin qazandırılması, o cümlədən beynəlxalq əməkdaşlıq imkanlarından istifadə edilməsi zəruridir.
İnnovasiya texnoparklarının təşkilatı strukturunu təqdim edən R.Şahverdiyeva texnoparkların İKT və kommunikasiya, biotexnologiya, kompüter elmləri aparat və proqram təminatı, elektronika, elektron, tibb sahələrində daha çox və effektiv fəaliyyət göstərdiyini bildirdi.
Texnoparkların idarə olunması prosesində informasiya təminatının komponentlərindən söz açan R.Şahverdiyeva bu komponenetlərə idarəetmə strukturlarını faktiki məlumatlarla təmin etmək, avtomatlaşdırılmış idarəetmə sistemləri üçün informasiya təminatından istifadə, müxtəlif təşkilatların idarəetmə fəaliyyətinin təminatı üçün informasiyadan istifadə, informasiya mənbələrinin seçilməsi və təyini, alınmış məlumatların düzgün interpretasiyası və sistemləşdirməsinin aid edildiyini dedi.
Məruzəçi texnoparkın idarəetmə prosesində informasiya təminatının yaxşılaşmasına təsir edən elmi-texniki, təşkilatı-iqtisadi, sosial-psixoloji və hüquqi amilləri nəzərə çatdırdı. İnnovasiya texnoparklarının informasiya təhlükəsizliyi xidmətinin əsas funksiyaları və istiqamətləri, eləcə də innovasiya texnoparklarının təhlükəsizlik siyasətinin reallaşdırılması üçün informasiyanın mühafizəsi metodlarından bəhs etdi. O, həmçinin innovasiya texnoparklarının informasiya təhlükəsizliyinin idarə edilməsi üçün informasiya təhlükəsizliyi sisteminin arxitektur-texnoloji strukturunu təqdim etdi.
R.Şahverdiyeva texnoparklarda elektron kitabxana sisteminin Data Mərkəzlərinin cloud-ların yaradılması və fəaliyyətinin təkmilləşdirilməsi yollarından danışdı. O, texnoparklarda informasiya təminatı sisteminin e-kitabxanalar, e-nəşrlər, kitabxana fondları, məlumatın eyni səviyyədə əldə olunmasının təmin edilməsi, açıq məlumat arxivlərinin yaradılması, kitabxanalar və tədris prosesinin əlaqələndirilməsi, e-təhsil, müəllif hüquqlarının qorunması, Big Data, cloud texnologiyaları, elektron hökümət portalı ilə əlaqə və s. kimi inkişaf perspektivlərinə malik olduğunu vurğuladı.
Məruzəçi qeyd etdi ki, tədqiqatın nəticəsi olaraq texnoparklarda informasiya təminatının formalaşmasına və fəaliyyətinin səmərəliliyinə təsir edən texnoloji amillər və onun tətbiqini çətinləşdirən səbəblər aşkarlanmışdır. İnnovasiya texnoparklarının fəaliyyətinin effektivliyinin yüksəldilməsi istiqamətində onun informasiya təminatı sisteminin arxitektur modeli təklif olunmuşdur. Texnoparkların informasiya təminatı sisteminin arxitektur modeli elmi təşkilatların platformasına uyğunlaşdırılmış, texnoparkların informasiya təhlükəsizliyi sisteminin arxitektur-texnoloji strukturu işlənilmişdir.
Sonda məruzəçi texnoparkların informasiya təminatı sisteminin effektiv formalaşmasının texniki-praktiki aspektlərini və tövsiyələrini seminar iştirakçılarının diqqətinə çatdırdı.
Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.