AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında müzakirə olunan məsələlərdən biri də cari ilin sonunda institutda “Fərdi məlumatların təhlükəsizliyinin multidissiplinar problemləri” üzrə ümumrespublika elmi-praktiki konfransının keçirilməsi ilə bağlı idi.
Bu barədə çıxış edən institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev yeni texnologiyaların meydana çıxması və iqtisadiyyatın rəqəmsallaşması fonunda fərdi məlumatların mühafizəsinin müasir dövrdə aktuallıq kəsb edən məsələlərdən olduğunu bildirdi. Qeyd etdi ki, fərdi məlumatların qorunması, qanunlara zidd şəkildə əldə edilməsi və istifadəsi hallarına son zamanlar daha çox rast gəlinir. İnternetin, xüsusilə sosial şəbəkələrin meydana gəlməsi ilə fərdi məlumatlara əlçatanlığın artdığını söyləyən Y.İmamverdiyev bu istiqamətdə problemlərin nəzəri, hüquqi, etik aspektlərinin tədqiqi, onun idarəolunması və təşkili, bu sahədə beynəlxalq təcrübənin dərindən araşdırılmasının önəmini vurğuladı.
Qeyd olunan problemlərin müzakirəsi baxımından konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu bildirən Y.İmamverdiyev konfransın əsas müzakirə mövzuları barədə məlumat verdi. Bildirdi ki, fərdi məlumatlar sahəsində elmi-nəzəri tədqiqatlar, bu sahədə qanunvericilik bazasının formalaşdırılması, fərdi məlumatların təhlükəsizliyini dəstəkləyən texnoloji həllərin yaradılması və s. konfransın əsas istiqamətlərindəndir.
Sonda konfransın təşkilinə dair müzakirələr aparıldı, təklif və tövsiyələr səsləndirildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.