“Nike Fit” smartfonun köməyilə ideal ayaqqabını seçməyə kömək edəcək

21 May 2019 - 11:59 | Texnoloji yeniliklər
“Nike Fit” smartfonun köməyilə ideal ayaqqabını seçməyə kömək edəcək

Onlayn mağazalardan alınan əşyaların əsl ölçüsünün tapılması bütün onlayn ticarət üçün əyləc rolunu oynayır. “Nike” şirkəti bu məsələnin həllinə töhfə verməyi qərara alaraq, virtual ayaqqabı seçmə xidmətini hazırlayıb. “Nike Fit” adlanan servis yalnız smartfondan istifadə etməklə, konkret ayağın parametrlərini dəqiqliklə ölçməyə imkan verir.

Bunun üçün ayaqqabını çıxarmaq, ayaqyalın və ya corabla dayanmaq, ayaqları düz saxlamaq və smartfonun arxa kamerasını onların üzərinə yönəltmək tələb olunur. Proqramın təlimatlarını izləyərək, cihazı üfüqi şəkildə saxlamaq, sonra proqramın ayaqları skan etməsini gözləmək lazımdır. Cəmi bir neçə saniyə ərzində hər ayaq üçün 13 əsas nöqtə arasındakı məsafələr ölçülür.

techcult.ru saytının məlumatına görə, ayaqqabının ideal ölçüsünün necə hesablanması kommersiya sirridir. Bununla “Nike” şirkətinin ixtisaslaşmış süni intellekti məşğul olur. Hər bir ölçmə məlumatı toplanaraq, kommersiya fəaliyyətində istifadə olunur. Bu, dəyərli informasiyadır, çünki ayaqqabı istehsalçıları müştərinin ayaqlarını “tanımaq” və ona optimal məhsulu təklif etmək imkanına malik olmaq istəyirlər.

Yeni proqram ayaqqabı alarkən ölçü ilə bağlı riski və məhsulun axtarışına sərf olunan vaxtı minimuma endirir. Həmçinin məhsulların qaytarılması hallarını əhəmiyyətli dərəcədə azaldır ki, bu da onlayn ticarətin inkişafına təkan verir.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.