“AMD” və “Cray” şirkətləri 2021-ci ildə ABŞ-ın Energetika Nazirliyi üçün “exascale” sinfinə aid olan, məhsuldarlığı bir ekzaflopsu (saniyədə 1 kvintilyon əməliyyat) ötən superkompüter yaradacaqlar.
popmech.ru saytının məlumatına görə, “Frontier” adlı layihənin hesablama gücü 1,5 ekzaflopsa çatacaq. Avadanlığın Tennessi ştatının “Oak Ridge” milli laboratoriyasında yerləşdirilməsi nəzərdə tutulur. Maşın zalının ümumi sahəsi təxminən 680 kvadrat metr təşkil edəcək. Hazırda dünyada ən güclü elektron hesablama maşını olan “Summit” də bu laboratoriyada yerləşir. O, saniyədə 200 kvadrilyon əməliyyat (0,2 ekzaflops) yerinə yetirmək imkanına malikdir.
“Frontir”in əsasında AMD-nin prosessor və qrafik nüvələri dayanacaq. Şirkət xüsusi olaraq bu layihə üçün süni intellekt alqoritmləri və məhsuldar hesablamalar üçün optimallaşdırılmış EPYC çiplərini və HBM yaddaşlı qrafik çiplər əsasında işləyən Radeon Instinct sürətləndiricilərini hazırlayır. Prosessorların və sürətləndiricilərin arxitekturası AMD-nin masaüstü kompüter və serverlər üçün olan mövcud məhsulları ilə uyğunluq təşkil etməyəcək.
“Frontir” ABŞ-lı “həmkarı” Aurora ilə hesablama gücünə görə birincilik uğrunda mübarizə aparacaq. Çikaqo yaxınlığında Arqonn Milli Laboratoriyasında yerləşdiriləcək Aurora superkompüteri “Intel” və “Cray” şirkətləri tərəfindən ABŞ-ın Energetika Nazirliyi üçün hazırlanır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.