Azərbaycan “Svyaz-2019” 31-ci Beynəlxalq İnformasiya-Kommunikasiya Texnologiyaları Sərgisində təmsil olunur

24 Aprel 2019 - 09:02 | Mühüm hadisələr

Azərbaycan Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən “Svyaz-2019” 31-ci Beynəlxalq İnformasiya-Kommunikasiya Texnologiyaları Sərgisində təmsil olunur. Sərgidə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndə heyəti, “Bakı Telefon Rabitəsi” MMC və “AzInTelecom” MMC-nin mütəxəssisləri iştirak edir.

Tədbir çərçivəsində ölkəmizi təmsil edən nümayəndə heyətinin Rusiyanın rəqəmli inkişaf, rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Oleq İvanovla keçirilən ikitərəfli görüşündə informasiya-kommunikasiya texnologiyaları sahəsində ölkələrarası əməkdaşlıq müzakirə olunub.

Nazirlikdən verilən məlumata görə, sözügedən sərgidə stasionar, mobil, peyk və optik-lif rabitəsi, şəbəkə, telekommunikasiya və server avadanlığı, kabel, peyk televiziya və radio yayımı sistemləri, proqram təminatı, informasiya təhlükəsizliyi, virtuallaşdırma, İnternet texnologiyaları, elektron ticarət sahəsində həllər və xidmətlər təqdim olunur.

1975-ci ildən keçirilən “Svyaz” (Rabitə) sərgisi MDB və Şərqi Avropada telekommunikasiya və informasiya texnologiyaları sahəsində ən böyük tədbir hesab edilir. 

Qeyd edək ki, aprelin 26-da başa çatacaq sərgidə Azərbaycanla yanaşı, 15 ölkədən – Belarus, Almaniya, İsrail, İran, İtaliya, Kipr, Çin, Koreya, Latviya, Niderland, Rusiya, Rumıniya, ABŞ, Finlandiya, Fransadan 392 şirkət iştirak edir. Sərgidə qabaqcıl nailiyyət və texnologiyalar nümayiş etdirilir, növbəti il üçün bazarın inkişaf perspektivləri müəyyənləşdirilir.