Amerikanın “Edelman” şirkəti süni intellektin vətəndaşlar və müasir kompüter texnologiyalarının hazırlanması və tətbiqində iştirak edən şirkət rəhbərləri tərəfindən qiymətləndirilməsini müqayisə etmək məqsədilə sosial sorğu aparıb. Hər iki qrupun süni intellektlə bağlı düşüncələri oxşarlıq təşkil edib.
Sorğuda iştirak edənlərin 70%-dən çoxu hesab edir ki, süni intellektlə təchiz edilmiş qurğular ünsiyyət zamanı insanların bir-birinə olan ehtiyacını azaldacaq və onların özünə qapanmasına daha çox səbəb olacaq. İctimaiyyət nümayəndələrinin 71%-i qabaqcıl süni intellektin yaranmasının vətəndaşların əqli qabiliyyətlərinin azalmasına gətirib çıxaracağından ehtiyat edirlər. İT-şirkətlərin rəhbərlərinin 65 faizi onlarla həmfikirdirlər.
planet-today.ru saytının məlumatına əsasən, sorğuda iştirak edən hər iki qrupun 43 faizi hesab edir ki, süni intellektin inkişafı yoxsul insanlara ziyan vuracaq. Lakin vətəndaşların 67 faizi və mütəxəssislərin 75 faizi bunun yüksək gəlir əldə edən təbəqələr üçün sərfəli olacağına inanır.
Sorğu iştirakçılarının əksəriyyəti (İT-şirkət nümayəndələrinin 54 faizi və adi vətəndaşların 60 faizi) hesab edir ki, süni intellekt texnologiyaları dövlət orqanlarının nəzarəti altında inkişaf etdirilməlidir. Sorğuda iştirak edən vətəndaşların 5 faizi və mütəxəssislərin 6 faizi süni intellektin tamamilə təhlükəsiz olduğuna inandıqlarını bildiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.