Məlum olduğu kimi, Azərbaycan Respublikasında dövlətin xarici siyasətinin prioritet istiqamətlərindən biri diaspor fəaliyyətinin gücləndirilməsi, effektivliyinin artırılmasıdır. Bu siyasət xaricdə yaşayan azərbaycanlıların tarixi vətənləri ilə əlaqələrininin inkişafı, onların mədəni-siyasi hüquqlarının müdafiəsi, diasporun potensialından faydalanaraq, dövlətlərarası münasibətlərin inkişafına töhfə verilməsi, ölkəmizin milli maraqlarının təbliği və siyasi arenada təsir gücünün artırılması istiqamətlərini əhatə edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” çərçivəsində diaspor fəaliyyəti ilə bağlı nəzərdə tutulan işlərə dəstək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti “Azərbaycan alimləri diasporu” informasiya sisteminin işlənməsi haqqında qərar qəbul etmiş, qərarın icrası AMEA İnformasiya Texnologiyaları İnstitutuna tapşırılmışdır.
Bu məqsədlə institutun mütəxəssislərindən ibarət İşçi qrup yaradılmışdır. Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu, AMEA-nın elmi müəssisə və təşkilatları, həmçinin ölkənin bir sıra təhsil müəssisələri ilə birgə əməkdaşlıq çərçivəsində xarici ölklərdə yaşayan alimlər haqqında zəruri məlumatlar əldə edilmişdir.
Bu yaxınlarda müasir tələblərə uyğun hazırlanmış “Azərbaycan alimləri diasporu” informasiya sistemi – www.elmidiaspora.az saytı istifadəyə verilmişdir. Veb-saytın yaradılmasında əsas məqsəd xarici ölkələrdə yaşayan Azərbaycan alimləri haqqında vahid informasiya bazasının yaradılması, onların əldə etdiyi elmi nailiyyətlərin ölkə və dünya ictimaiyyətində tanıdılması, həmçinin birgə əməkdaşlıq imkanlarının genişləndirilməsidir.
Veb-sayt “Ana səhifə”, “Sistem haqqında”, “Rəsmi sənədlər”, “Statistik göstəricilər”, “Faydalı linklər” və “Əlaqə” bölmələrindən ibarətdir. Saytın “Statistik göstəricilər” bölməsində xaricdə yaşayıb fəaliyyət göstərən alimlərin ölkələr və elm sahələri üzrə paylanması, eləcə də, demoqrafik göstəricilərinə dair statistik rəqəmlər təqdim olunmuşdur. Statistik məlumatlara əsasən, Rusiyada 197, Türkiyədə 134, ABŞ-da 26 olmaqla, ümumilikdə, dünyanın 39 ölkəsində 500 azərbaycanlı alim fəaliyyət göstərir. Onlardan 440-ı kişi, 60-ı isə qadındır. Həmin alimlər, əsasən, riyaziyyat (91), tibb elmləri (54) və fizika (47) sahələrini təmsil edirlər.
Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən saytda müxtəlif göstərici üzrə axtarış imkanı da yaradılmışdır.
Qeyd edək ki, “Azərbaycan alimləri diasporu” informasiya sistemi açıq informasiya resursu olduğuna görə, onun mütəmadi olaraq təkmilləşdirilməsi, müvafiq dəyişikliklərin həyata keçirilməsi və xarici ölkələrdə yaşayıb fəaliyyət göstərən azərbaycanlı alimlər haqqında yeni məlumatların əlavə edilməsi mümkündür.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.