Avtomobil istehsalçısı “Volvo” və Sinqapurun Nanyan Texnologiya Universiteti universitet şəhərciyinin ərazisində tamamilə avtonom rejimdə işləyən “Volvo 7900” avtobusunun sınaqlarının keçirilməsi ilə bağlı razılığa gəliblər.
robo-hunter.com saytının məlumatına görə, birmərtəbəli avtobus 36 oturacaqla təchiz edilib, lakin 80 sərnişin daşıya bilir. Bununla yanaşı, “Volvo 7900” öz dizellə işləyən “yoldaşları” ilə müqayisədə 80 faiz daha az enerji sərf edir.
Avtobusun məkanda oriyentasiyasını süni intellektə malik xüsusi proqram təminatı müəyyənləşdirir. O, sensorlardan toplanmış məlumatları analiz edir. Stereokameralar 3D-təsvir yaradır, naviqasiya sistemi isə avtobusun yerini yüksək dəqiqliklə təyin edir.
Nanyan Texnologiya Universitetinin şəhərciyi sınaqlar üçün təsadüfən seçilməyib. Şəhərciyin ərazisi enerjidoldurma üçün portlarla təchiz edilib ki, bu da avtobusu elektrik enerjisi ilə təmin etməyə imkan verir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.