Dünyada smartfon istehsalı üzrə 3-cü olan "Huawei" şirkəti daha Windows Phone əməliyyat sistemi əsasında qurğu istehsal etməyəcək. Şirkətdən verilən məlumata görə, Microsoft Windows Phone platformasında olan smartfonları satmaq çətindir və onlar şirkətə gəlir gətirmir.
"Biz Windows Phone-dan istifadə etməyə çalışdıq. Lakin istehlakçıları bu sistem əsasında işləyən smartfonları almağa yönləndirmək çətindir. Bu, bizə qazanc gətirmədi və iki il ərzində pullar itirdik. Bu səbəbdən, Windows Phone əsasında işləyən istənilən yeni qurğunun istehsalından müvəqqəti olaraq imtina etmək qərarına gəlmişik".
İş adamı "Mobil platformalar bazarında faktiki olaraq rəqabət yox olub. Biz istehlakçılara yalnız Android təklif edirik. Başqa seçimimiz yoxdur" - deyə narahatlığını ifadə edib.
Qeyd edək ki, 2014-cü ilin 2-ci rübündə Android qurğularının bazar payı rekord həddə çataraq 85% olmuşdu. Eyni zamanda Windows Phone-un payı 2,7%-ə qədər azalmışdı.