İsveçrə alimləri süni neyron şəbəkə yaradıblar və onu kompüter modelləşdirməsi mühitində hərəkət edən virtual robotun nümunəsində öyrədiblər. Bu neyron şəbəkə real robota köçürüldükdən sonra bu robot qərarların qəbul olunmasında daha çevik və adaptiv olub, ən ağır vəziyyətlərdən 25 dəfə sürətlə və müvəffəqiyyətlə çıxıb.
dailytechinfo.org saytının məlumatında bildirilir ki, süni intellekt əsasında idarə olunan “ANYmal” robotu İsveçrə Federal Texnologiya İnstitutunun Avtomatlaşdırılmış Sistemlər Laboratoriyasının mütəxəssisləri tərəfindən hazırlanıb. Bu robot “Boston Dynamics” şirkətinin məşhur “SpotMini” robotuna çox bənzəyir. 60 sm hündürlüyə malik robotun ayaqları 12 oynaqdan təşkil olunub.
Tədqiqatçıların sözlərinə görə, süni intellekt sisteminin təlimi üçün kompüter modelləşdirməsindən istifadə bir sıra üstünlüklərə malikdir. Belə təlim üçün daha az maliyyə vəsaiti tələb olunur. Bundan başqa, təlim prosesinin sürəti real dünyada real robotun təlim sürəti ilə müqayisədə min dəfə çoxdur. Riyazi modelləşdirmənin keçirilməsi üçün hətta ən zəif superkompüterə ehtiyac olmayıb. Bütün məsələləri orta məhsuldarlıq göstəricilərinə malik ənənəvi fərdi kompüter həll edib.
Robot isə virtual reallıqda öyrədilmiş neyron şəbəkə ilə təchiz olunduqdan sonra real dünyadakı təlimatları daha dəqiq yerinə yetirməyə başlayıb. Bu hətta ona hərəkət sürətinin yeni rekordunu təyin etməyə imkan verib. Daha əvvəl təkandan sonra yıxılıb qalan robot artıq ona hücum edən aqressiv insana fəal müqavimət göstərməyi öyrənib.
İstehsalçılar belə robotların gələcəkdə uçqunların arasından və yeraltı tunellərdən keçərək, pilləkənlərlə qalxaraq, insanları xilas edəcəklərini bildiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.