AMEA-nın gənc alimləri Yüksək Texnologiyalar Parkının istehsal prosesi ilə tanış olublar

07 Fevral 2019 - 17:10 | Mühüm hadisələr

Fevralın 7-də akademiyanın elmi müəssisə və təşkilatlarının gənc alim və mütəxəssisləri, o cümlədən AMEA İnformasiya Texnologiyaları İnstitutunun gənc tədqiqatçıları AMEA-nın Yüksək Texnologiyalar Parkını (YT Park) ziyarət edib, istehsal prosesi ilə tanış olublar.

Qonaqları YT Parkın direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov, müəssisənin infrastruktur üzrə direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Elxan Bayramov və strateji inkişaf üzrə direktor müavini Məmməd Bağırzadə müşayiət ediblər.

Əvvəlcə gənc alimlər YT Parkın yeni yaradılan Strateji Elmi Analitik Sınaq Mərkəzinə (SEASM) baş çəkərək müasir standartlara cavab verən laboratoriyalara baxış keçiriblər. Mərkəzin müdir müavini Kamal Yusifov bildirib ki, burada qaz və maye neft qazlarının, neft və neft-kimya məhsullarının və istehlak mallarında toksik elementlərin dəqiq sınağı həyata keçiriləcək. Sözügedən sınaqları AMEA-nın elmi müəssisə və təşkilatlarının bu günə qədər xaricdə həyata keçirdiklərini xatırladan K.Yusifov laboratoriyanın regionda ilk dəfə ölkəmizdə qurulması ilə respublikadan valyuta axınının qarşısının alınacağını diqqətə çatdırıb.

Sonra YT Parkın rezidentləri “AMEA Təcrübə-Sənaye Zavodu” MMC və “Millers Oils Azerbaijan” MMC-nin fəaliyyət prosesi ilə tanış olan gənclərə burada beynəlxalq standartlara uyğun yüksək keyfiyyətdə istehsal edilən sənaye, mühərrik, sürtkü və hidravlik yağları, həmçinin müalicəvi əhəmiyyətə malik “Naftalan yağı” barədə məlumat verilib. Zavodun direktoru Vasif Abbasov, baş mühəndisi Adil Ağayev və “Millers Oils” şirkətinin nümayəndəsi Kiril Solovyov bildirib ki, burada elmtutumlu, innovativ, rəqabətədavamlı və ixracyönümlü 100-dən çox adda yerli məhsul istehsal olunur.

Daha sonra gənclərlə Yüksək Texnologiyalar Parkının rəhbərliyinin görüşü keçirilib. Görüşdə YT Parkda əldə olunmuş nailiyyətlərin təqdim olunduğu videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən YT Parkın direktoru Nazim Şükürov rəhbərlik etdiyi müəssisənin alimlərin elmi tədqiqatlarının tətbiqi və kommersiyalaşdırılması məqsədilə yaradıldığını bildirib. Qeyd edib ki, bu gün Parkda 10 rezident fəaliyyət göstərir və respublikada həyat səviyyəsinin yüksəldilməsi, insanların maddi rifahının yaxşılaşdırılması, qeyri-neft sektorunun inkişafı istiqamətində ardıcıl işlər icra olunur.

N.Şükürov hazırda YT Parkda respublikanın hərbi-müdafiə qüdrətinin artırılması istiqamətində rəqabətədavamlı məhsulların da istehsal olunduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, burada istehsal edilən hərbi və mülki təyinatlı dronlar respublikanın güc strukturları tərəfindən, həmçinin kənd təsərrüfatı sektorunda istifadə olunur.

Alim hazırda Parkda “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”ndə yer alan ölkənin alüminium sənayesinin yerli xammal əsasında inkişaf etdirilməsi ilə bağlı tədqiqatların aparıldığını və SEASM tərəfindən alüminumun alınmasında istifadə olunan gil-torpağın prototipinin yaradıldığını söyləyib.

O, gənc alimlərin innovativ ideyalarını dəstəkləməyə hazır olduqlarını bildirib, onları mütəmadi əməkdaşlığa dəvət edib.

Daha sonra YT Parkın Patent, Sertifikatlaşdırma, Marketinq, Biznes İnkubasiya şöbəsinin müdir müavini Vüsal Süleymanov təmsil etdiyi qurumun fəaliyyət prosesi barədə “Elm və biznesin qovuşduğu məkan” adlı təqdimatla çıxış edib. O, texnoparkın rezident şirkətlərindən söz açaraq bu şirkətlərin neft-kimya, İKT, hərbi və ağır sənaye, eləcə də digər sahələrdə fəaliyyət göstərdiklərini söyləyib. V.Süleymanov AMEA-nın elmi müəssisə və təşkilatları tərəfindən rəsmiləşdirilmiş ixtiraların patent bankının yaradıldığını da vurğulayıb. Həmçinin beynəlxalq və yerli qurumlar ilə baş tutan görüşlər haqqında məlumat verib.

Sonra E.Bayramov və M.Bağırzadə çıxış edərək gənclərlə görüşdən məmnun olduqlarını bildirib, onları əməkdaşlığa çağırıblar.

Sonda AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov YT Parkın rəhbərliyinə gənclər üçün yaratdığı şəraitə görə təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.