Robota insanın yaxınlaşdığı barədə xəbər verən elektron jilet hazırlanıb

30 Yanvar 2019 - 10:57 | Texnoloji yeniliklər
Robota insanın yaxınlaşdığı barədə xəbər verən elektron jilet hazırlanıb

Nəhəng İnternet mağazası “Amazon” əməkdaşları üçün robotla toqquşmaq riskini azaldan geyim hazırlayıb. Bu, robota insanın yaxınlıqda olduğu barədə informasiya verən, elektron sensorlarla təchiz edilmiş xüsusi jiletdir.

robo-hunter.com saytının məlumatına görə, “Amazon” şirkəti istehsal proseslərini qismən robotlaşdırıb: mağazaların anbarlarında 130 kq çəkiyə malik robotlardan istifadə olunur. Onlar ağır fiziki işi insanlardan 5 dəfə daha sürətli və effektiv yerinə yetirirlər. Bu robotlar 7,5 km/saat sürətlə hərəkət edirlər və 280 kq-a qədər çəkiyə malik yükləri daşıya bilirlər.

Qurğuların marşrutlarını anbarın əməkdaşlarının olduğu yeri nəzərə alan xüsusi proqram planlaşdırır. Bu, böyük sürətlə hərəkət edən ağır robotun insanla toqquşmasının qarşısını almaq məqsədi daşıyır. Travmatik görüş riskini azaltmaq üçün işçilər hansı seksiya və bölmədə işləməyi planlaşdırdıqlarını bildirməlidirlər. Bu məlumatlar marşrut planlaşdırıcısının məlumat bazasına daxil edilir.

Lakin bu sistem hələ ki, mükəmməl deyil. Çünki “Amazon”un anbarlarında daim plandan kənar işləri (nasaz robotu və ya rəfdən düşmüş məhsulu tapmaq və s.) yerinə yetirmək ehtiyacı yaranır. Buna görə də İnternet mağazasının rəhbərliyi əlavə təhlükəsizlik tədbirləri görüb. Belə ki, şirkətin mütəxəssisləri robota insanın yaxınlaşdığı barədə xəbər verən elektron jilet hazırlayıblar. Bu siqnallar ümumi bazaya translyasiya edilir ki, bunun sayəsində də sistem marşrutu və qurğuların sürətini tənzimləyir. İndi robotlar insanın yaxınlıqda olduğunu “bilirlər” və toqquşma riski olduqda daha yavaş hərəkət etməyə başlayırlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.