İsveçrə alimləri insanın qan damarlarında hərəkət edən nanorobot icad ediblər. Qurğu şəraitdən asılı olaraq, hərəkət istiqamətini, forma və ölçüsünü dəyişə bilir. Mütəxəssislərin vəzifəsi kapilyarlara yerləşən robotun yaradılmasından ibarət olub.
Alimlər qrupunun rəhbəri Salman Sakarın sözlərinə görə, mütəxəssislər tərəfindən Yaponiyanın kiriqami prinsipləri – qayçı ilə kağız fiqurların hazırlanması sənəti tətbiq edilib. Bu prinsiplər sayəsində nanorobot ən dar qan damarlarında hərəkət üçün elastikliyə malik olub.
planet-today.ru saytının məlumatında bildirilir ki, robot polimer sxemlə doldurulmuş xüsusi proqram təminatı ilə təchiz edilib. Sensor və ötürücülər əvəzinə, maqnit nanohissəciklər effekti və onların elektrik sahələrinin dəyişməsinə reaksiyasından istifadə olunub.
Nanorobot bütün lazımi sınaqlardan keçib və tezliklə onun konstruksiyasının təkmilləşdiriləcəyi gözlənilir. İxtiranın digər üstünlüyü isə onun qiymətinin ucuz olmasıdır. Bu, ondan daha geniş əhali kütləsinin yararlanmasına imkan verəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.