AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında 4 saylı şöbənin 2019-cu il üzrə fəaliyyət planı müzakirə olundu. İnstitutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov rəhbərlik etdiyi şöbənin cari ili əhatə edən fəaliyyət planını təqdim edərək İnternet şəbəkəsi və superkompüter texnologiyalarının çoxaspektli problemləri üzrə tədqiqatların aparılmasının nəzərdə tutulduğunu bildirdi. Qeyd etdi ki, bu problem üzrə “Mobil hesablama buludlarının optimal sintezi üçün metod və alqoritmlərin işlənməsi, “Əşyaların İnterneti texnologiyalarında şəbəkə resurslarından səmərəli istifadəsi üçün metod və alqoritmlərin işlənməsi”, “Verilənlərin emal mərkəzində virtual maşınların və hesablama klasterlərinin yaradılması üçün metod və alqoritmlərin işlənməsi” və “Paylanmış hesablama sistemlərində Enterprise Desktop Grid xidmətlərinin yaradılması istiqamətində tədqiqat işlərinin aparılması” mövzuları üzrə araşdırmalar aparılacaq.
R.Ələkbərov həmçinin bildirdi ki, cari ildə “Proqramla idarə olunan (SDN - Software Defined Networking) şəbəkə texnologiyalarının tədqiqi və analizi”, “Green Computing texnologiyalarının inkişaf perspektivləri və problemləri”, “Superkompüter texnologiyaları: mövcud vəziyyəti, inkişaf perspektivləri və problemləri”, eləcə də “Simsiz şəbəkə texnologiyalarının mövcud vəziyyəti, problemləri və perspektivləri” mövzuları üzrə tədqiqatlar davam etdiriləcək.
Elmi-innovasiya fəaliyyəti çərçivəsində görüləcək işlərdən danışan məruzəçi bu məqsədlə AzScienceNet şəbəkəsinin infrastrukturunun istismarı və inkişaf etdirilməsi o cümlədən, İnternet xidmətlərinin təşkili və proqram təminatının yenilənməsi işlərinin həyata keçiriləcəyini bildirdi.
İnstitutun direktor müavini bu istiqamətlər üzrə AzScienceNet şəbəkəsinə AMEA-nın institut və təşkilatlarının kompüterlərinin qoşulması, AMEA-nın qurumlarında Wi-Fi şəbəkəsinin və Eduroam xidmətinin yaradılması, AzScienceNet-in monitorinq və təhlükəsizlik xidmətinin hesabatının təhlili və şəbəkənin QoS göstəricisinin yaxşılaşdırılması üçün kompleks tədbirlərin həyata keçirilməsi işlərinin yerinə yetiriləcəyini qeyd etdi.
Şöbə müdiri, həmçinin bildirdi ki, AzScienceNet şəbəkəsində Cloud Computing xidmətindən istifadənin təşkili, virtual laboratoriya xidmətinin yaradılması, “Multimedia Qalereyası” sisteminin istismarı, AMEA Rəyasət Heyətinin binasında “İnteraktiv informasiya sistemi”nin istismarı, AzScienceNet üzərindən “Elm TV” İnternet televiziyasının çəklişlərinin birbaşa yayımının təmin edilməsi, AzScienceNet-də VoİP xidmətinin genişləndirilməsi və istismarı işləri həyata keçiriləcək. Bununla yanaşı, R.Ələkbərov AzScienceNet elm-kompüter şəbəkəsində GEANT şəbəkəsinin yeni xidmətlərin (eduROAM, LoLa, ownCloud, videokonfrans və s.), Bakı Musiqi Akademiyasında isə LOLO xidmətinin yaradılması və AzScienceNet şəbəkəsinə yeni serverproqram təminatları vasitələrinin qurulması işlərinin planlaşdırıldığını vurğuladı.
Şöbənin beynəlxalq elmi əməkdaşlıq əlaqələrindən söz açan məruzəçi Avropa üzrə bütün elm və təhsil qurumlarına şəbəkə xidməti göstərən GEANT assosiasiyası və Rusiya Elmlər Akademiyasının A.A.Xarkeviç adına İnformasiyanın Ötürülməsi Problemləri İnstitutunun Paylanmış Hesablamalar Mərkəzi ilə əməkdaşlıq münasibətlərinin, Everest və BOINC platformaları əsasında paylanmış hesablama sistemlərinin yaradılması istiqamətində birgə işlərin davam etdiriləcəyini nəzərə çatdırdı.
Məruzəçi, AzScienceNet şəbəkəsinin infrastrukturunun istismarı və inkişaf etdirilməsi, İnternet xidmətlərinin təşkili və proqram təminatının yenilənməsi işlərinin cari ildə də həyata keçiriləcəyini bildirdi.
R.Ələkbərov şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan beynəlxalq və respublika səviyyəli jurnallarda elmi məqalələrin nəşri ilə bağlı görüləcək tədbirlər haqqında da məlumat verdi.
AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin fəaliyyət planı ilə bağlı tövsiyələrini səsləndirdi. Akademik şöbə əməkdaşlarının elmi-nəzəri fəaliyyətinin gücləndirilməsi, əldə olunmuş nəticələrin nüfuzlu elmi jurnallarda nəşr olunmasının vacibliyini qeyd etdi.
Fəaliyyət planı ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.