AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında AzScienceNet elm kompüter şəbəkəsinin informasiya təhlükəsizliyi və etibarlığının gücləndirilməsinə dair 2019-cu il üzrə fəaliyyət planı müzakirə olundu.
Planı təqdim edən institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov cari ildə görüləcək işləri diqqətə çatdırdı. Bildirdi ki, AzScienceNet şəbəkəsinin informasiya təhlükəsizliyi və etibarlıq səviyyəsinin gücləndirilməsi üçün avadanlıqların alınması, şəbəkənin informasiya təhlükəsizliyi və monitorinqi üçün proqram təminatı vasitələrinin alınması, informasiya təhlükəsizliyi və monitorinq məsələləri ilə bağlı iş bölgüsünün aparılması, eləcə də AzScienceNet şəbəkəsinin kiber-təhlükəsizlik səviyyəsinin qiymətləndirilməsi üçün audit təşkilatının dəvət olunması kimi məsələlər nəzərdə tutulur.
AzScienceNet şəbəkəsinin risklərinin qəbul edilmiş səviyyədə idarə edilməsinin təmini istiqamətində görüləcək tədbirlərdən danışan məruzəçi bu məqsədlə təhlükəsizlik siyasətlərinin yaradılması və standartlara uyğunlaşdırılmasının nəzərdə tutulduğunu vurğuladı.
İnstitutun direktor müavininin sözlərinə görə, GEANT Assosasiyası ilə əməkdaşlıq çərçivəsində aparılan işləri genişləndirməklə AzScienceCert xidmətinin beynəlxalq təcrübələrə əsaslanaraq işinin qurulması və peşəkar kadr sayının artırılması, mərkəzləşdirilmiş “TrendMicro” antivirus sisteminin alınması və AzStateNet (Azerbaijan State Network) şəbəkəsinə qoşulma işlərinin aparılması məqsədilə əlaqəli dövlət qurumları ilə iş fəaliyyətinin qurulması, enerji etibarlılığının və təhlükəsizliyinin, eləcə də veb resursların təhlükəsizlik səviyyəsinin yüksəldilməsi üçün tədbirlərin görülməsi cari ildə həlli planlaşdırılan işlər sırasındadır.
Plana dair müzakirələr aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.