Mikrobların məhv edilməsi üçün cib robotu “CleanseBot”un yaradılmasına 1,2 milyon dollar vəsait toplanıb.
Startap iştirakçıları Hyuston Universitetində aparılmış tədqiqatdan ilham alıblar. Tədqiqat zamanı alimlər mehmanxana otaqlarında 19 səth üzərində bakteriyaların mövcud olub-olmadığını yoxlayıblar və təkcə işığı yandırıb-söndürmə düymələrinin hər kub santimetrində orta hesabla 112,7 bakteriyanın olduğunu aşkar ediblər.
robo-hunter.com saytının məlumatına görə, “CleanseBot” komandası süni intellekt və sensorlar üçün lazımi informasiyanı toplamaq və analiz etmək üçün yorğan, çarpayı və s. kimi 40 müxtəlif materialın üzərində robotu sınaqdan keçiriblər.
“CleanseBot” 18 sensor və “ağıllı” xəritəçəkmə texnologiyası ilə təchiz edilib ki, bu da robotun istənilən səth üzərində asanlıqla hərəkət edə bilməsinə imkan verir. İstehsalçılar iddia edirlər ki, robotun xəritəçəkmə texnologiyası onu analoqu olmayan unikal qurğuya çevirir. Robotdan ev şəraitində (əşya və oyuncaqların dezinfeksiyası üçün) və avtomobil salonlarında da istifadə etmək olar.
Startapın böyük uğur qazandığı bildirilib. Belə ki, layihənin reallaşdırılması üçün planlaşdırılandan 10 dəfə çox vəsait toplanıb. Hazırda “CleanseBot”u 99 dollara əldə etmək mümkündür.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.