Yeni qadcet səs köməkçilərinin casusluq etməsinə mane olacaq

18 Yanvar 2019 - 12:56 | Texnoloji yeniliklər
Yeni qadcet səs köməkçilərinin casusluq etməsinə mane olacaq

Hazırda “Google Home” və “Amazon Echo” səs köməkçilərinin xidmətlərindən milyonlarla insan istifadə edir. Buna görə də onları tamamlayan daha çox aksessuar bazara çıxarılır. Belə ki, dünyanın ən böyük texnologiya sərgisi – “CES 2019”da onlarla şirkət “Google Assistant” və “Alexa” səs köməkçilərini tamamlayan və onların imkanlarını əhəmiyyətli dərəcədə genişləndirən qadcetlər təqdim edib.

techcult.ru saytının məlumatına görə, bu kimi qurğuların arasında hakerlər və dizaynerlər tərəfindən hazırlanmış “Project Alias” qadceti xüsusilə diqqətəlayiqdir. Bu, səs köməkçisinin üst hissəsinə quraşdırılan və istifadəçinin əmrlərini retranslyasiya edən şifrəli kiçik qurğudur. Bu prosesin özəlliyi ondan ibarətdir ki, süni intellektə malik qadcet sayəsində məlumat sızması ehtimalı istisna edilir və o, yalnız öz istifadəçisinin əmrlərini yerinə yetirir.

Qeyd edək ki, “Project Alias”a ehtiyac təsadüfən yaranmayıb. Belə ki, səs köməkçilərinin asanlıqla dinlənildiyi və onların əldə olunmuş informasiyanı naməlum şəxslə bölüşdükləri məlum olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.