Blokçeyn elektron səsvermə sistemində tətbiq olunacaq

11 Yanvar 2019 - 09:32 | Texnoloji yeniliklər
Blokçeyn elektron səsvermə sistemində tətbiq olunacaq

Taylandın informasiya və kommunikasiya tətbiqlərinin işlənilməsinə cavabdeh olan Elektronika və Kompüter Texnologiyaları Milli Mərkəzi (NECTEC) blokçeynə əsaslanan elektron səsvermə sistemi üzərində işləyir.

NECTEC nümayəndələrinin sözlərinə görə, seçicilər 5G texnologiyasını qəbul etdikdən sonra yeni platformaya qoşulacaqlar.

“NECTEC dövlət, regional və ictimai seçkilərin keçirilməsi, həmçinin şirkətlərdə səsvermələr, məsələn, direktorlar şurasının seçimi zamanı elektron səsvermə üçün tətbiq oluna bilən blokçeyn texnologiyası hazırlayıb, – mərkəzin Kibertəhlükəsizlik laboratoriyasının rəhbəri Çali Vorakulpipat bildirib. Sistemin məqsədi dələduzluq hadisələrinin aradan qaldırılması və məlumatların tamlığının qorunmasından ibarətdir”.

computerra.ru  saytının məlumatına görə, ölkə vətəndaşları artıq seçki məntəqələrinə baş çəkməyərək yalnız İnternet vasitəsilə səsvermədə iştirak edəcəklər. Texnologiya insanlara mobil telefonun kamerası ilə yoxlamadan keçməklə elektron poçt vasitəsilə səs vermək imkanı təqdim edəcək.

Bununla yanaşı, səsvermənin nəticələri daha sürətli emal ediləcək və namizədlər nəticələri elektron formada yoxlaya biləcəklər.

Blokçeyn texnologiyası elektron səsvermə sahəsində böyük imkanlara malikdir, ancaq onun genişmiqyaslı tətbiqinə müəyyən qədər vaxt lazımdır. Bunun səbəbi bütün seçicilərin mobil qurğularının İnternetə çıxışa və kameranın köməyi ilə yoxlamanın həyata keçirilməsi imkanına malik olması tələbidir.

NECTEC mütəxəssislərinin sözlərinə görə, hazırda sistem universitet, regional və ya ictimai seçkilər kimi miqyası böyük olmayan səsvermə proseslərinin keçirilməsi zamanı sınaqdan keçirilməyə hazırdır.

Mərkəz sistemi Taylandın Milli Elm və Texnologiyanın İnkişafı Agentliyində istifadə etməyi planlaşdırır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.