“Kimyada informasiya texnologiyalarının tətbiqi” adlı kitab çapdan çıxıb

27 Dekabr 2018 - 16:00 | Yeni nəşrlər
“Kimyada informasiya texnologiyalarının tətbiqi” adlı kitab çapdan çıxıb

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev, həmin institutun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Manaf Manafov və laboratoriya müdiri, professor Asif Məmmədovun həmmüəllifi olduqları “Kimyada informasiya texnologiyalarının tətbiqi” adlı kitab nəşr olunub.

AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyevin elmi redaktoru olduğu kitab kimyəvi tədqiqatlarda, kimyanın tədrisi və kimya sənayesində müasir informasiya texnologiyalarının tətbiqi məsələlərini əhatə edir. Kitabda kimyəvi maddələrin alınma üsulları, quruluşu, fiziki-kimyəvi, o cümlədən termodinamiki xassələrinin İnternetdə olan məlumat bazalarından istifadə üsulları izah edilir. Nəşrdə, həmçinin kimyəvi maddələrin molekulyar strukturlarının kompüter generasiyası və vizuallaşdırılması üçün proqram vasitələri, kimyəvi quruluş və reaksiyalar üçün ekspert sistemləri təqdim olunur.

Kitabda kimyanın müasir biznes strategiyası – səmərəli istismar məqsədilə kimyəvi proseslərin və sistemlərin modelləşdirilməsi, istehsal əməliyyatlarının aparılması, geniş biznes ittifaqları və bazar alyanslarının yaradılması üsulları haqqında məlumat verilir.

Nəşr tələbə, tədqiqatçı və mütəxəssislər üçün nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.