Müasir qadcetlərin biometrik məlumatların analizinə əsaslanan mühafizə sistemində yeni gözlənilməz zəiflik aşkar olunub. “Forbes” jurnalının əməkdaşı Tomas Bryuster öz başının 3D-printerdə çap edilmiş surətini sifariş edib. Sonra onun köməyilə jurnalist bir çox populyar smartfonların mühafizə sistemlərini yoxlayıb və arzuolunmaz nəticə əldə edib.
techcult.ru saytının məlumatına görə, Bryuster skan etmək üçün öz sifətini deyil, onun plastik surətini qoyaraq, cihazları blokdan çıxarmağa çalışıb. Nəticədə yalnız “Apple” şirkətinin “Face ID” sistemi şifrəni açmaqdan imtina edib, halbuki “Samsung”un bütün flaqman modelləri dəyişməni qəbul edib. Qeyd etmək lazımdır ki, başın surətinin süni olmasını insan gözü ilə asanlıqla görmək mümkün olsa da, smartfonun sensorları bundan heç şübhə etməyib.
Bu, hərfi-simvolik parolların vaxtının keçdiyini, gələcəyin yalnız biometriyada olduğunu iddia edənlərə şübhə ilə yanaşmağa vadar edir. Təəssüf ki, hakerlərin və entuziastların son fırıldaqları göstərir ki, barmaq izlərini də, gözün qüzehi qişasının təsvirini də, artıq sifəti də saxtalaşdırmaq olduqca asandır. Deməli, qadcetlərin yalnız bu kimi bloklama metodlarına etibar etmək məqsədəuyğun deyil.
Daha bir mənfi cəhət ondan ibarətdir ki, naməlum şəxsin barmaq izi nümunələrini deyil, başının 3D-surətini əldə etmək daha asandır. Bunun üçün yüksək keyfiyyətli bir neçə kadr kifayətdir. Bu kimi metodlardan xüsusi xidmət orqanlarının çoxdan xəbərdar olduğu istisna deyil.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.