Tanınmış mağazalar şəbəkəsi “Seven-Eleven Japan Co.” sifətin tanınması texnologiyasından istifadə edən özünəxidmət sistemi ilə təchiz edilmiş “7-Eleven” mağazasını sınaq üçün istifadəyə verib. Məqsəd iş yerlərinin azaldılması və işçi qüvvəsi çatışmazlığı şəraitində nağdsız ödənişləri genişləndirməkdir.
psm7.com saytının məlumatında bildirilir ki, mağaza Tokionun Minato rayonunda, Yaponiyanın əsas İT-xidmətlər və məhsullar təchizatçısı olan “NEC Corp.” tərəfindən hazırlanmış texnologiyadan istifadə edən “NEC Group”un fəaliyyət göstərdiyi binada yerləşir.
Hazırda “NEC Group”un təxminən 6 min əməkdaşı öz şəkilləri ilə sistemdə qeydiyyatdan keçdikdən sonra mağazadan alış-veriş edə bilərlər. Özünəxidmət piştaxtalarında alıcılar məhsullardakı ştrix-kodları skan edirlər və öz sifətlərini kameraların yanına yaxınlaşdırırlar ki, bu da onların əmək haqqından ödənişin məbləğinin avtomatik çıxılmasına imkan verir.
Şirkət yeni sistemi kiçik ticarət nöqtələrində (məsələn, ofis binalarında) quraşdırmağı planlaşdırır. Bununla da “7-Eleven” Yaponiyada belə tipli ilk minimarketlər şəbəkəsi olacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.