Müstəqil hərəkət edə bilən, faydalı funksiyaları yerinə yetirən və enerjisi günəş işığı ilə təmin olunan tullantılardan hazırlanan robot təqdim olunub.
Vyana Texniki Universitetinin tədqiqatçıları tərəfindən “IFAC-PapersOnLine” jurnalında dərc olunan elmi məqalədə bu yenilik haqqında məlumat əks olunub.
nauka.vesti.ru saytının məlumatına görə, yeni tədqiqatın müəllifləri zahirən lazımsız görünən tullantıların texnoloji potensialını nümayiş etdirməyi qərara alaraq, köhnəlmiş skaner, printer, kompüter, oyuncaq və digər avadanlıqlar vasitəsilə “Scrapino” robotu hazırlayıblar.
Sabit cərəyan mühərrikləri ilə təchiz olunmuş qurğu müstəqil şəkildə hərəkət etmək imkanına malikdir. Ultrasəs “lokator” ona maneələrlə rastlaşmamağa kömək edir.
Fotorezistorlar əsasında xüsusi işığa həssas tənzimləyicilər qurğuya işığa tərəf getməkdə köməklik edir. İşıq sistemi günəş batareyaları ilə qidalanır.
Sınaqlar zamanı robot universitet şəhərciyi ətrafında müstəqil hərəkət edir, ən işıqlı əraziləri tapır və “günəş vannası qəbul edir”.
Batareyanın səviyyəsi 50%-dən çox olduqda robot aktiv hərəkətlər edərək yoldan keçənləri salamlayır, onlara faydalı məlumatlar verir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.