İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar problemlərinə həsr olunmuş konfrans başa çatdı

14 Dekabr 2018 - 17:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” mövzusunda IV respublika konfransının bağlanış mərasimi keçirildi.

Konfransın seksiya iclaslarının sədrləri çıxış edərək iclaslarda təqdim olunmuş məruzələri yüksək qiymətləndirdilər, konfransın geniş fikir, bilik və təcrübə mübadiləsinin aparılması, bu sahədə mövcud problemlərin həlli üçün yeni imkanların yaranması və informasiya təhlükəsizliyinin elmi-nəzəri, praktiki və humanitar problemlərinin həlli baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdilər. 

Sonra institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov çıxış edərək bugünkü konfransda “İnformasiya təhlükəsizliyinin elmi-nəzəri problemləri”, “İnformasiya təhlükəsizliyinin humanitar problemləri” və “İnformasiya təhlükəsizliyinin praktiki problemləri” istiqamətlərində öz əksini tapdığını qeyd etdi, aparılan elmi-tədqiqatlarda mühüm elmi nəticələrin əldə olunduğunu bildirdi. O, konfransa ölkənin müxtəlif dövlət, elm və təhsil müəssisələrindən 59 elmi məruzə təqdim olunduğunu nəzərə çatdırdı.

R.Ələkbərov tədbirin informasiya təhlükəsizliyi problemlərini aşkarlamaq, insanlara təhlükələrin mahiyyətini anlatmaq və onlarda informasiya təhlükəsizliyi mədəniyyətini formalaşdırmaq baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. Konfransda müzakirələr nəticəsində irəli sürülən dəyərli fikirlərin bu sahədə mövcud problemlərin həllinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.

Sonda R.Ələkbərov konfransın işində fəal iştirak edən şəxslərə təşəkkürünü bildirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.