Alimlər arıları kiçik dronlara çeviriblər

13 Dekabr 2018 - 11:16 | Texnoloji yeniliklər
Alimlər arıları kiçik dronlara çeviriblər

Vaşinqton Universitetinin mütəxəssisləri elm üçün arılara nəzarət etməyin üsulunu tapıblar. Alimlərin arılar üçün ixtira etdikləri nanoçanta gün ərzində arı haqqında bütün məlumatları yazır.

life.ru saytının məlumatına görə, arının bel hissəsində yerləşdirilən xüsusi sensor-çanta kiçik ölçülərə malik olduğundan həşəratı narahat etmir. Çəkisi təxminən 0,01 q təşkil edən nanoçantaya arının hərəkəti, bədən temperaturu, sürəti və s. haqqında informasiyanı toplayan sensorlar yerləşdirilib. Çanta kiçik olduğuna görə ona GPS-sensor quraşdırmaq mümkün olmasa da, arının yeri haqqında məlumatlar bağda yerləşdirilmiş antennaların köməyilə toplanır.

“Ağıllı” çanta 30 Kb məlumat saxlaya bilər ki, bu da bir gün ərzində arının fəaliyyəti haqqında bütün informasiyanın yazılması üçün kifayət edir. Alimlər əldə edilmiş məlumatları bu və ya digər həşərat növlərini öyrənmək və arıların məhsuldarlığını artırmaq məqsədilə analiz edirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.