Məlum olduğu kimi, bu il Azərbaycanda müasir poçt rabitəsinin yaradılmasından 200 il, Poçt və Teleqraf Nazirliyinin yaradılmasından isə 100 il ötür. Bu tarixi hadisə cari ildə 24-cü dəfə təşkil olunan “Bakutel” Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində diqqətdən kənarda qalmayıb. Belə ki, bu il sərgi çərçivəsində poçt və rabitənin zəngin tarixini əks etdirən muzey fəaliyyət göstərəcək. Burada poçt tarixinə aid eksponatlar, məktublar, teleqramlar, rabitə qurğuları, komutator telefonları, “Morzi” əlifbası, sahənin dövrlər üzrə rəsmi sənədləri, poçt və rabitə işçisinin geyim formaları, istifadə etdiyi əşyalar, bağlama, məktub, kiçik paketlər və banderol nümunələri nümayiş olunacaq.
Eyni zamanda, II Dünya müharibəsi illərinə dair poçt göndərişləri, əsgər məktubları, poçt qutuları, ötən əsrin 70-80-ci illərinə təsadüf edən poçt nümunələri, Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə poçt sahəsinin inkişafını xarakterizə edən xüsusi güşə də fəaliyyət göstərəcək.
Sərgidə təqdim olunacaq eksponantlar ayrı-ayrı rabitə müəssilərindən, AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin muzeyindən, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsindən və kolleksiyaçılardan əldə olunub.
Muzeyi ziyarət edənlər poçt və rabitə tarixini özündə əks etdirən, 2018-ci il istehsalı “Sizə məktub var” filmini də izləmək şansı əldə edəcəklər. Eyni zamanda, tədbir çərçivəsində 40-50-ci illərdə Azərbaycan poçtunun işini, o zamanki fəaliyyət və imkanlarını əks etdirən “Məktublar həftəsi” sənədli filmi də nümayiş olunacaq.
“Bakutel-2018”-in iştirakçılarının yalnız keçmişə deyil, gələcəyə də səyahət etmək imkanı olacaq. Belə ki, sərgidə “Azərpoçt” MMC tərəfindən ən çox tələb olunan xidmətlərin göstərildiyi, tam avtomatlaşdırılmış poçt şöbəsi prototipi də nümayiş etdiriləcək. Stend-şöbədə poçt göndərişləri və qəbulu üçün avadanlıq-poçtamat, elektron tərəzi, poçtamatın özünəxidmət terminalı, vəsiqə skaneri, ödəniş qəbulu və plastik kartların verilməsi üçün avadanlıq, eyni zamanda kommunal və digər xidmətlər üçün ödəniş terminalları, avtomatlaşdırılmış valyuta mübadilə terminalı, bank hesabında vəsaitin artırılması üçün “Smart safe” depozit avadanlığı, eləcə də, məlumat terminalı yerləşdiriləcək. Sərgidə nümayiş olunacaq avadanlıqların gələcəkdə bir çox ictimai yerlərdə quraşdırılması planlaşdırılır. 7 gün 24 saat ərzində zəruri poçt xidmətlərinin göstəriləcəyi şöbənin gələn ildən fəaliyyətə başlaması nəzərdə tutulur.
Qeyd edək ki, “Azərpoçt” MMC Azərbaycanın yeganə milli poçt operatorudur və ənənəvi poçt-telekommunikasiya xidmətləri ilə yanaşı, maliyyə xidmətləri də göstərir.
Xatırladaq ki, “Bakutel-2018” sərgi-konfransı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşkilatçılığı və “Azercell” şirkətinin baş sponsorluğu ilə keçirilir.