Yaponiyanın “REAL-f Co.” startapı qatran və plastik kütlədən “Apple” və “Google” kimi korporasiyaların sifətin tanınması sistemlərinin təlimi üçün istifadə etdikləri hiperrealistik maskalar hazırlayıb.
hightech.fm saytının məlumatına görə, şirkətin təsisçisi Osama Kitaqava yüksək keyfiyyətli şəkillərdən sifət cizgiləri haqqında məlumatların 3D-maskalara köçürülməsi metodunun hazırlanmasına 2 il sərf edib. Hər bir maska 2650 dollar dəyərindədir və insanın sifətinin ən kiçik detallarını (göz damarları, xırda qırışlar və s.) belə təkrarlayır. Hazırda “REAL-f Co.” ildə təxminən 100 sifariş qəbul edir.
“Məhsulumun sifətin tanınması texnologiyalarının inkişafına kömək etməsi ilə fəxr edirəm. Ümid edirəm ki, istehsalçılar bu realistik maskalardan istifadə edərək, sifətin identifikasiyasının dəqiqlik səviyyəsini yüksəldəcəklər”, – deyə O.Kitaqava bildirib. Gələcəkdə insanabənzər robotlar üçün ucuz korpusların istehsalı ilə məşğul olmağı planlaşdırdığını qeyd edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.