Milli akustik küy intellektual monitorinq şəbəkəsinin yaradılmasının konseptual əsasları işlənilir

15 Noyabr 2018 - 14:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında 6 saylı şöbənin müdiri, texnika üzrə fəlsəfə doktoru Bikəs Ağayev rəhbərlik etdiyi şöbənin 2018-ci il üçün hesabatını təqdim etdi. Elmi-tədqiqat işlərindən söz açan məruzəçi audioinformasiya texnologiyaları problemləri sahəsində informasiya cəmiyyətinin audio-video fəzalarının formalaşdırılmasının konseptual əsaslarının işlənildiyini bildirdi. Kompüter və telefon şəbəkələrindən qəbul edilən səs siqnallarının qiymətləndirilməsi üçün metod və alqoritmlərin, eləcə də texnoloji akustik və nitq siqnallarının küy və əngəllərdən filtrasiya metodlarının işlənildiyini qeyd etdi.

O, Əşyaların İnterneti texnologiyalarının tətbiqi ilə milli akustik intellektual monitorinq şəbəkəsinin elmi-nəzəri və arxitektur-texnoloji əsaslarının işlənməsi istiqamətində milli akustik küy intellektual monitorinq şəbəkəsinin yaradılmasının konseptual əsasları və konsepsiyasının işlənib hazırlandığını diqqətə çatdırdı.

Məruzəçi elektron tullantıların elmi və sosial-iqtisadi problemləri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) elektron tullantıların mövcud idarəçilik vəziyyətinin monitorinqi və onun təkmilləşdirilməsi üçün təkliflərin işlənildiyini, o cümlədən Azərbaycanda elektron tullantı problemləri və onların həlli yollarının araşdırıldığını söylədi.

Şöbənin elmi-innovasiya fəaliyyətindən bəhs edən B.Ağayev ARDNŞ-də “Elektron tullantı problemləri və onların həlli məqsədilə effektiv idarəetmə sisteminin yaradılması üçün təkliflərin işlənməsi” və AR Prezidenti yanında Elmin İnkişafı Fondunun “Azərbaycanda elektron tullantı problemləri və onların həlli yolları” qrant layihələri üzrə işlərin davam etdirildiyini bildirdi.

Şöbə müdiri qeyd etdi ki, cari il ərzində müxtəlif səviyyəli elmi-texniki konfrans və simpoziumlarda iştirak edilib, tanınmış elmi jurnallarda məqalələr nəşr etdirilib.

O, həmçinin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyət, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görülmüş işlər haqqında məlumat verdi.

Hesabat ətrafında fikir mübadiləsi aparıldı, bir sıra təkliflər səsləndirildi. Elmi şuranın qərarı ilə şöbənin hesabatı qənaətbəxş qiymətləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.