AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında 4 saylı şöbənin 2018-ci il üzrə hesabatı müzakirə olundu. İnstitutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov rəhbərlik etdiyi şöbənin cari ili əhatə edən hesabatını təqdim edərək “İnternetin tənzimlənməsi və superkompüter texnologiyalarının çoxaspektli problemləri” mövzusu üzrə tədqiqatların aparıldığını bildirdi. Qeyd etdi ki, bu problem üzrə mobil bulud texnologiyalarında virtual resurslardan səmərəli istifadə üçün metod və alqoritmlərin işlənməsi, mobil Cloud Computing texnologiyalarının elmi-nəzəri problemlərinin analizi, mobil hesablama buludlarının yaradılmasının arxitektur-texnoloji prinsiplərinin tədqiqi, bu buludlarda cloudletlər-in optimal yerləşdirilməsi üçün metod və alqoritmlərin işlənməsi, eləcə də mobil hesablama buludlarında təhlükəsizlik və məxfilik məsələlərinə dair araşdırmalar aparılıb.
R.Ələkbərov şöbədə, həmçinin “Əşyaların İnterneti texnologiyalarında şəbəkə resurslarından səmərəli istifadəsi üçün metod və alqoritmlərin işlənməsi”, “Verilənlərin emal mərkəzində virtual maşınların və hesablama klasterlərinin yaradılması üçün metod və alqoritmlərin işlənməsi”, “AzScienceNet şəbəkəsində Enterprise Desktop Grid xidmətlərinin yaradılması ”, “AzScienceNet şəbəkəsində proqramla idarə olunan şəbəkə texnologiyalarının tədqiqi və analizi” ilə bağlı tədqiqatların aparıldığını bildirdi. Qeyd etdi ki, “Verilənlərin emal mərkəzlərində paralel hesablamaların təşkilinin tədqiqi və analizi”, “Green Computing texnologiyalarının inkişaf perspektivləri və problemləri”, “Superkompüter texnologiyaları: mövcud vəziyyəti, inkişaf perspektivləri və problemləri”, “Simsiz şəbəkə texnologiyalarının mövcud vəziyyəti, problemləri və perspektivləri” tədqiq olunan mövzular arasındadır.
Elmi-innovasiya fəaliyyəti çərçivəsində görülmüş işlərdən danışan məruzəçi şöbə əməkdaşları tərəfindən AR Prezidenti yanında Elmin İnkişafı Fondunun “Elektron elm və onun funksional altsistemlərinin sintezi üçün yeni metod və alqoritmlərin işlənilməsi”, AR Dövlət Neft Şirkətinin Elm Fondunun isə “Əşyaların İnterneti texnologiyalarının neft-qaz sənayesində tətbiqi problemlərinin araşdırılması” qrant layihələri üzrə elmi tədqiqatların aparıldığını nəzərə çatdırdı.
R.Ələkbərov bununla yanaşı, hesabat ilində AzScienceNet şəbəkəsinin infrastrukturunun inkişaf etdirilməsi, yeni xidmətlərin yaradılması və təşkili, AzScienceNet-in və Data Mərkəzin texniki imkanlarının artırılması, proqram təminatının qurulması işlərinin də həyata keçirildiyini bildirdi.
Şöbə müdiri qeyd etdi ki, AMEA-nın institut və təşkilatlarının kompüter şəbəkələrinin fiber-optik əlaqə kanalı vasitəsilə AzScienceNet-ə qoşulması, AMEA-nın institut və təşkilatlarında lokal şəbəkələrinin intellektual kommutatorlar əsasında yenidən qurulması, AzEduNet şəbəkəsinin AzScienceNet şəbəkəsinə qoşulması, LOLA audiovizual sisteminin Bakı Musiqi Akademiyasında quraşdırılması istiqamətində işlər görülmüşdür.
İnstitutun direktor müavini AzScienceNet-də Fizika İnstitutunun Milli GRİD Mərkəzinin 2-ci seqmentinin yaradılması, AMEA Rəyasət Heyətinin binasında yerləşən böyük konfrans zalında audio-video sistemin yenidən qurulması, AzScienceNet-də “Cloud Computing”, hostinq və VoIP xidmətləri, korporativ e-poçt xidməti sistemi, AMEA-nın Akademiya şəhərciyində Wi-Fi xidməti, AzScienceCERT xidmətinin təşkili üçün istifadə olunan avadanlıqlar, AzScienceNet şəbəkəsində yeni proqram təminatlarının qurulması ilə bağlı tədbirlərin icra olunduğunu diqqətə çatdırdı.
R.Ələkbərov şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti haqqında da məlumat verdi. Bildirdi ki, cari ildə “Mobil hesablama buludları: mövcud vəziyyəti, inkişaf mərhələləri, problemləri və həlli yolları” adlı kitab nəşr olunmuşdur. Məruzəçi AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan beynəlxalq və respublika səviyyəli jurnallarda 11 məqalənin, elmi-texniki konfrans və seminarların materiallarında 11 tezisin nəşr olunduğunu vurğuladı.
Hesabat ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı. Elmi şuranın qərarı ilə şöbənin hesabatı qənaətbəxş hesab olundu.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.