Süni intellektə malik ilk bankomat hazırlanıb

08 Noyabr 2018 - 09:27 | Texnoloji yeniliklər
Süni intellektə malik ilk bankomat hazırlanıb

Yaponiyanın “Hitachi” korporasiyasının “Hitachi-Omron Terminal Solutions” bölməsinin mütəxəssisləri süni intellektə malik ilk bankomat istehsal ediblər.

“Ağıllı” bank terminalı əlavə kameralar, sifətin və səsin tanınması sistemləri ilə təchiz edilib. Aparatın dərin maşın təliminə əsaslanan süni intellekt sistemi bankomatlarda dələduzluq əməliyyatlarının həyata keçirilməsi zamanı əldə olunmuş çoxsaylı təsvirlər və digər məlumatların yaddaşda saxlanılması yolu ilə hazırlanıb.

hi-news.ru saytının məlumatına görə, bankomatda dələduzluq əməliyyatı həyata keçirmək niyyətində olan şəxs xarici görünüşünü gizlədə bilməyəcək. Belə ki, aparat müştərini qiymətləndirərək, ondan eynəyi və ya baş geyimini, həmçinin tanınmaya mane olan digər aksessuarları çıxarmağı xahiş edəcək. Həmin şəxs bu xahişi yerinə yetirməyənədək bankomata daxil ola bilməyəcək. Süni intellekt, həmçinin insanın davranışını qiymətləndirə, onun telefonla danışıb-danışmadığını aşkar edə, hətta söhbətin mahiyyətini “dərk edə” biləcək. Təbii ki, aparat istənilən elektron cihazlara qarşı əks təsir sisteminə də malikdir. Bundan başqa, süni intellekt yalnız daha əvvəl törədilmiş cinayətlərə söykənmir, həm də yeni hadisələrə əsaslanaraq proses zamanı öyrənir ki, bu da ona gələcəkdə daha yaxşı işləməyə imkan verəcək.

“Ağıllı” bankomat artıq Honsyu adasının Ayti prefekturasının ərazisində quraşdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.