Azərbaycan növbəti dəfə BTİ-nin Şurasına üzv seçilib

05 Noyabr 2018 - 15:51 | Mühüm hadisələr

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Şurasına 119 səslə üzv seçilib. Beləliklə, ölkəmiz BTİ-nin Şurasında təmsil olunan 48 ölkədən biri olub. Qeyd edək ki, Şərqi Avropa və MDB regionundan yalnız Azərbaycan və Rusiya bu Şuraya üzv qəbul edilib. Azərbaycan eyni zamanda Regional Rabitə Birliyinin tarixində BTİ Şurasına üzv seçilən iki ölkədən biridir. Beynəlxalq Telekommunikasiya İttifaqının üzvü olan dövlətlərin sayı isə 193-dür.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, noyabrın 5-də keçirilən seçkilərdə ikinci dəfə Şuraya üzv seçilən Azərbaycan C regionundan (Şərqi Avropa və Şimali Asiya) namizədliyini irəli sürmüşdü. Ölkəmiz bu qrupda Rusiya, Polşa, Bolqarıstan, Çexiya, Rumıniya və Qırğızıstan ilə rəqabət aparıb. Azərbaycanla yanaşı, 4 ölkə, o cümlədən Polşa, Rusiya, Rumıniya və Çexiya da Şuraya üzv seçilib.

BTİ-nin Radio Tənzimləmə Komitəsinə C regionundan Azərbaycanın namizədi Sahibə Həsənova 115 səslə seçilib. 1992-ci ildən fəal üzv kimi, BTİ-nin bütün təşəbbüslərində yaxından iştirak edən Azərbaycan ilk dəfə 2014-cü ildə Şuraya üzv seçilib.

Ölkəmizin Şuraya namizədliyinin dəstəklənməsi və aidiyyəti işlərin aparılması üçün 29 oktyabrdan öz işinə başlayan Səlahiyyətli konfransda Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib. Eyni zamanda, Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə də konfransın əsas plenar iclasında çıxış edib və bir sıra ölkələrin sahə üzrə nazirləri ilə görüşüb.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının informasiya və kommunikasiya texnologiyaları üzrə ixtisaslaşmış agentliyi olan BTİ hər 4 ildən bir keçirilən Səlahiyyətli Konfrans və İnzibati Şura tərəfindən idarə olunur. 

Cari ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Səlahiyyətli Konfrans öz işini noyabrın 16-dək davam etdirəcək.