“İnnovasiya həftəsi” çərçivəsində “Baku Open Cyber Cup” kiber idman turniri təşkil edilib.
AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Heydər Əliyev Mərkəzi və “Microsoft Azerbaijan” şirkətinin tərəfdaşlığı ilə Azərbaycan Kiber İdman Federasiyası tərəfindən keçirilən turnirdə “Xbox” platformasında iki oyun növü “FIFA 19” və “Mortal Kombat” üzrə yarışlar olub. Turnirdə 15 yaşdan yuxarı şəxslər iştirak edib.
Hər bir oyun növü üzrə seçilmiş 32 iştirakçı Heydər Əliyev Mərkəzində keçirilən turnirdə öz gücünü sınayıb. Olimpiya sistemi üzrə keçirilən oyunlardan sonra qaliblər müəyyənləşdirilib.
Belə ki, “FİFA 19” yarışının qalibi Seymur Novruzov olub. Süleyman Quluzadə II, Məmməd Çıraqlı isə III yerə layiq görülüb.
“Mortal Kombat” yarışının qalibi Emil Mirzəyev olub. Vüsal Qənbərli II, Orxan Hüseyn III yeri tutub.
Yarışın qalibləri pul mükafatı ilə təltif edilib.
Turnir çərçivəsində Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası tərəfindən “Robofutbol” yarışları da təşkil olunub.
Robotexnikanın real imkanlarını nümayiş etdirməklə yeniyetmə və gənclərdə elm və texnikaya maraq oyadılmasına xidmət edən turnirdə seçilmiş ümumtəhsil məktəblərinin komandaları onlara məxsus robotlarla iştirak edib.
Qeyd edək ki, robotlar 22 santimetrədək hündürlüyə və 1 kiloqram çəkiyə malik olublar. Eyni zamanda, robotlar yalnız “leqo” parçalarından istifadə edilərək hazırlanıb.
Qaydaya görə, komandada iştirakçıların sayı 2 və ya 3 nəfər olub. Komandaların hər biri iki avtonom robotla yarışıb. Bu robotlar “Dünya Robot Olimpiadası” standartlarına uyğun masada infraqırmızı şüalar ötürən topu təqib edərək rəqib komandanın qapısından keçiriblər.
Oyunların hər biri 5 dəqiqə olmaqla, iki hissədən ibarət olub. Final oyunu 10 dəqiqəlik müddəti əhatə edib. Komandalar final mərhələsinə keçmək üçün əvvəlcə qrup mərhələsini adlayıblar. Qrupda hər qalibiyyət 3 xal, bərabərlik 1, məğlubiyyət isə 0 xalla qiymətləndirilib.
Beləliklə, böyüklər arasında “Robofutbol”turnirinin qalibləri “Robotman” komandasından Rüstəm Nağızadə və Tural Səfərov olub. II yerə “Dünya məktəbi” komandasının üzvləri Elçin Quliyev, Heydər Əliyev, Rəsul Nəbili layiq görülüb. III yeri “Golden Ring” komandasının üzvləri Hacı Ləzgiyev və Cavid İsmayılov tutub.
Kiçik yaşlılar üçün “Robofutbol” turnirinin qalibləri də müəyyənləşdirilib. “Humonoid” komandasının üzvləri Namiq İsmayılov, Rəsul Sklyar və Ayxan Əliyev birincilik uğrunda mübarizədə qalib gəlib. II yeri “Transformer” komandasının üzvləri Mirmətin Seyidəli, İlham Məmmədov, Zəhra Şəmşirli tutub. Turnirin üçüncüsü “Droqan” komandasının üzvləri Amin Əlixanbəyli, Məhəmməd Miriyev və Məhəmməd Əliyev olub.