“Vikipediya” İnternet-ensiklopediyasının administrasiyası ABŞ Nümayəndələr Palatasına səhifələrdə redaktələrin olunmasını qadağan edib. cybersecurity.ru saytının yazdığına görə, qadağaya səbəb materialların dəfələrlə əsaslı redaktəsinə cəhd olub.
Nümayəndələr Palatası şəbəkəsindəki IP-ünvanların diapozonu siyasətçi və biznesmenlər, eləcə də rezonans doğurmuş hadisələrlə bağlı (misal üçün, Kennedinin qətli) dəyişikliklərin edilməsinə cəhddən sonra 10 gün müddətinə bağlanılıb. Vaşinqtondakı naməlum əməkdaşlar ABŞ-ın keçmiş müdafiə naziri Donald Ramsfeldin tərcümeyi-halında da dəyişikliklər etmək istəyiblər.
“Vikipediya”dan bildiriblər ki, bu hadisədən öncə “analoji vandalizm”ə görə Vaşinqton məmurlarının kompüterlərinə artıq məhdudiyyətlər qoyulmuşdu. Şəbəkə ensiklopediyasında düzəlişlərlə bağlı sonuncu hücumlar barəsində hökumətin IP-ünvanlarından edilən dəyişikliklərin monitorinqinin aparıldığı @congressedits Twitter-lentindən məlum olub.