AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev və institutun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyevin həmmüəllifi olduqları “İnnovativ iqtisadiyyatda İKT-nin iqtisadi artıma təsiri və onun qiymətləndirilməsi məsələləri” adlı məqalə AMEA İqtisadiyyat İnstitutunun 60 illik yubileyinə həsr olunan “İqtisadi artım və ictimai rifah” mövzusunda beynəlxalq konfransda məruzə olunub.
Məruzəni təqdim edən Ə.Əliyev iqtisadi artımın mahiyyəti, onu xarakterizə edən faktor və göstəricilər haqqında məlumat verib. İKT sektorunun iqtisadiyyatın inkişafında mühüm əhəmiyyətə malik olduğunu bildirən Ə.Əliyev İKT-nin tətbiqi səviyyəsi artımının Ümumi Daxili Məhsula (ÜDM) təsiri məsələlərindən danışıb. O, Azərbaycanda ixrac və idxal olunmuş İKT məhsullarının dinamikasını təhlil edərək Azərbaycanda İKT sektorunun inkişaf perspektivləri üzrə vəziyyəti təqdim edib.
İKT ilə ÜDM arasında korrelyasiya, reqressiya əlaqələrinin mövcud olduğunu bildirən Ə.Əliyev qurulmuş reqressiya modelinin adekvatlığının yoxlanıldığını söyləyib. İKT sektorunun gəlirləri ilə ÜDM arasında, ÜDM ilə qeyri-neft ÜDM-i arasında əlaqələrin ekonometrik metodlarla qiymətləndirildiyini bildirib.
Tədbirdə, həmçinin institutun əməkdaşları Roza Şahverdiyeva və Leyla Əkbərovanın həmmüəllifi olduqları “İnnovativ elmi-texnoloji parkların formalaşması və idarə olunması problemləri” adlı məruzə dinlənilib.
R.Şahverdiyeva iqtisadi inkişafda innovativ elmi-texnoloji parkların rolundan danışıb, onların formalaşması və idarə olunması problemlərini diqqətə çatdırıb. O, müasir texnoparkların yaradılmasının əsas məqsədləri, funksiyaları, xüsusiyyətləri və fəaliyyət istiqamətləri haqqında məlumat verib. Texnoparklarda innovasiya və elm tutumlu məhsul/xidmət istehsalının təhlili üçün çoxfaktorlu korrelyasiya-reqressiya modelinin qurulması və reallaşdırılması nəticələrini təqdim edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.