AMEA İnformasiya Texnologiyaları İnstitutunda 4 saylı şöbənin növbəti elmi seminarı keçirildi.
Tədbiri giriş sözü ilə açan institutun texnologiyalar üzrə direktor müavini, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov seminarın “Serverless Computing”: perspektivləri və tətbiq sahələri” mövzusuna həsr olunduğunu bildirdi.
Mövzuya dair məruzə ilə çıxış edən institutun baş mütəxəssisi Oqtay Ələkbərov Cloud Computing-in tətbiqinin üstünlükləri haqqında məlumat verdi. Bildirdi ki, böyük təşkilatların verilənlərin emalı mərkəzlərinin hesablama və yaddaş resurslarından istifadə edərək məsələlərin emal və yadda saxlanmasına xidmət edən hesablama sistemi olan Cloud Computing müəyyən resurslara uzaq məsafədən müraciət etmək üçün rahat interfeysdən istifadə etməyə imkan verir.
O, bulud texnologiyaları xidmətlərindən olan “Infrastructure-as-a-service”, “Platform-as-a-service”, “Software-as-a-service”, “Function-as-a-service” barədə danışdı, “Serverless Computing”in imkanlarından bəhs etdi. Qeyd etdi ki, o, istifadəçilərə hazır funksiyalar (“Function-as-a-service”) təqdim edir.
Məruzəçi son illərdə “Serverless Computing”ə marağın artdığını bildirərək onun illər üzrə populyarlıq qrafikini təqdim etdi.
İnstitutun baş mütəxəssisi, həmçinin “Serverless Computing”in arxitekturasını təqdim etdi, onun tətbiq sahələrindən danışdı.
Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.