İnnovativ informasiya iqtisadiyyatının formalaşması problemləri müzakirə olundu

23 İyul 2014 - 11:00 | Konfranslar, İclaslar

23 iyul 2014-cü il tarixdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) şöbələrarası elmi-seminar keçirildi. Seminarda “İnnovativ informasiya iqtisadiyyatının formalaşması problemləri” mövzusunda məruzə ilə çıxış edən iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev dünyanın qabaqcıl dövlətlərinin əsas inkişaf tendensiyalarına müvafiq olaraq Azərbaycanda iqtisadiyyatın informasiyaya, biliyə, İKT-yə, texnologiyaya, innovasiyaya əsaslanaraq inkişaf etdirilməsinin zəruriliyinin elmi cəhətdən əsaslanandırılmaqla bir sıra rəsmi dövlət sənədlərində təsbit olunduğunu və bu istiqamətdə müəyyən tədbirlərin həyata keçirildiyini söylədi.

Bu istiqamətdə yerinə yetirilən elmi-təqqiqat işlərindən danışan Ə.Əliyev Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun İKT-2 müsabiqəsi çərçivəsində qalib elan etdiyi və icrasına AMEA İTİ-də cari ilin may ayından başlanmış “Azərbaycanda innovativ informasiya iqtisadiyyatının formalaşmasının analizi və inkişafı üzrə tövsiyələrin işlənilməsi” elmi layihəsi haqqında məlumat verdi. 

Onun sözlərinə görə, hazırda formalaşmaqda olan yeni iqtisadiyyatın istifadə etdiyi informasiya və bilik resursları ənənəvi resurslardan fərqli olaraq, bir sıra üstün xüsusiyyətlərə malikdir: “Məhz buna görə “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”-da qloballaşma dövründə informasiya cəmiyyətinin tələblərinə uyğun olaraq biliklərə əsaslanan iqtisadiyyatın formalaşdırılması məsələsi öz əksini tapmışdır. Bu isə Azərbaycanın mövcud intellektual potensialının qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsini tələb edir”. 

Layihə üzrə qarşıya qoyulan əsas məsələlər haqqında məlumat verən Ə.Əliyev informasiya cəmiyyətinə keçidlə bağlı ölkədəki vəziyyətin və ölkənin yeni iqtisadi strategiyasının təhlili və mövcud iqtisadi vəziyyətin qiymətləndirilməsi, innovasiyaların, innovativ inkişafın, innovasiya sistemlərinin və Milli İnnovasiya Sisteminin xüsusiyyətlərinin təhlili, informasiya və biliklər iqtisadiyyatının problemlərinin araşdırılması və yeni iqtisadiyyata keçidlə bağlı beynəlxalq təcrübənin araşdırılması, innovativ iqtisadiyyatının xarakterik xüsusiyyətlərinin müəyyənləşdirilməsi, İKT, informasiya və biliyin iqtisadi inkişaf faktorları kimi səciyyəvi xüsusiyyətlərinin təhlili və s. məsələlərin həllinin nəzərdə tutulduğunu dilə gətirdi. 

Sonra Ə.Əliyev layihənin əsas məzmunu, elmi istiqaməti və layihədə qoyulan elmi problemləri diqqətə çatdırdı. Layihənin axtarış və innovativ yönümlü olduğunu söyləyən məruzəçi onun 4 mərhələdən ibarət olmaqla yerinə yetirilməsinin planlaşdırıldığını qeyd etdi. 

Layihədən gözlənilən nəticələr, onların elmi və təcrübi əhəmiyyəti problemlərinə toxunan Ə.Əliyev iqtisadi inkişafda innovasiyalar, İKT, bilik və informasiyanın rolu, əhəmiyyəti və təsirinin tədqiqi, innovativ iqtisadiyyatın xüsusiyyətlərinin araşdırılması, iqtisadiyyatın vəziyyətini xarakterizə edən göstəricilərin müəyyənləşdirilməsinin əsas məqsəd olduğunu söylədi. 

Məruzədən sonrakı müzakirələrdə qeyd olundu ki, iqtisadi inkişafla bağlı yeni innovativ idarəetmə təcrübələri və metodların öyrənilməsi, onların müvafiq idarəetmə orqanlarında istifadəsi ölkədə yeni innovativ informasiya iqtisadiyyatının qurulmasına və səmərəli idarə olunmasına şərait yarada bilər.